...

Prezident İlham Əliyev: Heydər Əliyev Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparıb

Cəmiyyət Materials 9 May 2016 22:48 (UTC +04:00)
Sabah biz Ulu Öndərin anadan olmasının 93-cü ildönümünü qeyd edəcəyik. Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətlər göstərmişdir,
Prezident İlham Əliyev: Heydər Əliyev Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparıb

Bakı. Trend:

"Sabah biz Ulu Öndərin anadan olmasının 93-cü ildönümünü qeyd edəcəyik. Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətlər göstərmişdir, böyük tarixi rol oynamışdır. İki dəfə Azərbaycana rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparmışdır".

Bunu Prezident İlham Əliyev Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, 1969-cu ildə Azərbaycan Sovet İttifaqı respublikaları arasında ən aşağı yerlərdə qərarlaşmışdı: "Heydər Əliyevin səyləri, bacarığı, biliyi, xalqa olan bağlılığı nəticəsində cəmi 13 il ərzində Azərbaycan ən qabaqcıl respublikaya çevrilmişdir. Sovet İttifaqında Rusiya Federasiyasından başqa, cəmi iki respublika var idi ki, onlar mərkəzdən dotasiya almırdı. Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda sənaye istehsalı, kənd təsərrüfatı sahələrində, infrastruktur layihələrinin icrasında çox böyük işlər görülmüşdür və o işlər bu gün də müstəqil Azərbaycana kömək göstərir. O illərdə xüsusilə infrastruktur layihələrinin icrası, neft-qaz sektorundakı nəticələr və emal sənayesinin inkişafı sahələrində əldə edilmiş nailiyyətlər bu gün bizə, müstəqil Azərbaycana xidmət göstərir".

Prezident vurğulayıb ki, 1970-1980-ci illərdə Azərbaycanda elm sürətlə inkişaf edirdi: "Azərbaycanda milli mənəvi dəyərlər təbliğ edilirdi. Əlbəttə, biz müstəqil dövlət deyildik və bəzi məsələlərdə fəaliyyətimiz məhdud xarakter daşıyırdı. Ancaq buna baxmayaraq, milli mənəvi dəyərlər, milli ruh, milli ədəbiyyat, mədəniyyət daim diqqət mərkəzində idi. Təsadüfi deyil ki, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunanda məhz Heydər Əliyevin təkidi ilə Azərbaycan dili Konstitusiyaya ana dili kimi daxil edilmişdir. Yəni, o illər doğrudan da böyük inkişaf illəri olmuşdur. Heydər Əliyevin fəaliyyətini və böyük nailiyyətlərini nəzərə alaraq, o, Moskvaya dəvət edilmiş və ona çox böyük vəzifə verilmişdir - Sovet İttifaqının Baş nazirinin birinci müavini vəzifəsi. Super dövlətin Baş nazirinin birinci müavini vəzifəsi, əlbəttə, bir daha göstərirdi ki, Heydər Əliyev nə qədər istedadlı, peşəkar və işgüzar adam idi. Həmin illərdə o, fəal işləyirdi, bir çox sahələrə nəzarət edirdi və həmin sahələrdə böyük uğurlar əldə olunurdu. Bununla bərabər, heç vaxt Azərbaycanı unutmurdu və çalışırdı ki, özünün böyük imkanlarından istifadə edib, Azərbaycanı daha da gücləndirsin. Burada bir çox sənaye, infrastruktur layihələri icra edildi. O, Azərbaycanın inkişafına daim diqqət yetirirdi. Hər il məzuniyyətə çıxıb Azərbaycana gəlirdi. Mən yaxşı bilirəm ki, o məzuniyyət formal xarakter daşıyırdı. Çünki o, məzuniyyəti daim görüşlərdə keçirirdi və onun verdiyi tapşırıqlar 1980-ci illərdə Azərbaycanın inkişafına çox böyük xidmət göstərmişdir.

Ancaq 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız olaraq bütün vəzifələrdən kənarlaşdırıldı. Bu, ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi. Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni, Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyillər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyillərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı.

Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu. Onun qurub-yaratdığı vəziyyət dağılırdı. O, burada rəhbər vəzifədə işləyəndə mütəmadi qaydada Dağlıq Qarabağa səfərlər etmişdi - Xankəndiyə, Şuşaya. Mən də o səfərlərin canlı şahidiyəm, iştirakçısıyam. Heç bir amil onu göstərmirdi ki, orada separatçı meyillər güclənə bilsin. Yəni, bu, süni şəkildə ortaya atılmış bir təxribat idi. Əfsuslar olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır".

İlham Əliyev deyib ki, Azərbaycan xalqına qarşı növbəti təxribat 1990-cı ildə törədilmişdir - Qanlı Yanvar cinayəti: "Günahsız insanlar öldürülmüşdür, qətlə yetirilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir. Heydər Əliyev dərhal öz səsini ucaltdı. Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir. Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir.

Təbii ki, ondan sonra ona qarşı təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası başlamışdır. Ancaq bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilməmişdir. O, bu hadisələrə etiraz olaraq, uzun illər, onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxmışdır. Bakıya qayıtmışdır. Çünki artıq Moskvada yaşamaq təhlükəli idi. Əfsuslar olsun ki, Bakıda da yaşamağa imkan verməmişlər və doğulduğu yerə - Naxçıvana üz tutmuşdur. Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illəri şərəflə yaşamışdır. İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illərdir. Çünki mən hesab edirəm ki, müstəqilliyə gedən yol məhz o illərdə Naxçıvanda başlamışdır. Çünki Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı - bizim dövlət bayrağımız Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir. O vaxt hələ Sovet İttifaqı yaşayırdı və yenə də deyirəm, Sovet İttifaqının dağılması haqqında bəlkə də çoxları heç fikirləşmirdi.

Azərbaycanda isə əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində vəziyyət tənəzzülə uğrayırdı. Siyasi böhran iqtisadi böhranla tamamlanırdı. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş müharibəsi başlamışdı. Ermənistanın işğalı alovlanırdı, genişlənirdi, torpaqlarımız işğal altına düşürdü. Şuşa, Laçın, ondan sonra Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlılıq yaranmışdı. Belə ağır vəziyyətdə xalq yenə də Heydər Əliyevə müraciət etdi. Onu hakimiyyətə dəvət etdi və ümidləri ancaq ona bağlayırdı. Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi. Öz xalqına rəhbərlik etməyə razılıq vermişdir. 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Azərbaycanda qayda-qanun yaradıldı və ölkə inkişaf dövrünə qədəm qoydu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti