...

Lerikdə dini radikalizmə qarşı mübarizədə dini icmaların rolu mövzusu müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2016 17:24 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Lerikdə yerləşən Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə dini icmaların rolu" mövzusunda tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Maliyyə-təsərrüfat şöbəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, din xadimləri, dini icma sədrləri, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bölgədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı sahəsində gördüyü işlər, ölkəmizdə radikalizm meyillərinin yaranması və bununla əlaqədar mövcud tendensiyalar, dini radikalizmə qarşı mübarizə sahəsində aparılan maarifləndirmə işləri barəsində məlumat verib.

Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev çıxışı zamanı bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Çıxışında radikal dini cərəyanların yaranma tarixinə diqqəti çəkən Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini Cahandar Əlifzadə onların məqsədlərinin İslam dinindəki məzhəblər arasında təfriqə yaratmaq, müsəlmanların vəhdətinə, birliyinə zərbə vurmaq olduğunu önə çəkib.

Media və din mövzusunda çıxış edən Maliyyə-təsərrüfat şöbəsinin əməkdaşı Tərxan Paşazadə bildirib ki, medianın dini radikalizmə qarşı mübarizədə rolu çox böyükdür. Çünki informasiya mənbələrinin bol olduğu müasir dövrdə həqiqi dinin, milli-mənəvi dəyərlərimizin insanlara doğru-dürüst çatdırılması vəzifəsinin böyük hissəsi medianın üzərinə düşür.

Sonra çıxış edən Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov dini radikalizm və onun fəsadları, eləcə də ona qarşı hüquqi müstəvidə aparılan mübarizə metodları haqqında geniş məlumat verib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti