...

BMT İnkişaf Proqramı Bioloji müxtəlifliyin qorunmasına dair Milli Strategiyanın təsdiqini alqışlayır

Cəmiyyət Materials 5 Oktyabr 2016 16:30 (UTC +04:00)
BMT İnkişaf Proqramı (BMTİP) Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqini təqdir edir.
BMT İnkişaf Proqramı Bioloji müxtəlifliyin qorunmasına dair Milli Strategiyanın təsdiqini alqışlayır

Bakı. Trend:

BMT İnkişaf Proqramı (BMTİP) Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqini təqdir edir.

Qurumdan Trend-ə verilən məlumata görə, BMTİP Rezident Nümayəndəsi Qulam İshaqzai qarşıdakı 5 il ərzində hökumətlə əməkdaşlığın gücləndirilməsində Milli Strategiyanın rolunu qeyd edib: “Adıçəkilən Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ümumiyyətlə ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP və hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik və eko-sistemin idarə edilməsində Qlobal Ekologiya Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığına davam edəcək”.

Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planının həyata keçirilməsindən bəri Azərbaycanda qorunan ərazilərin sahəsi 5%-dən 10.3%-ə, meşə örtüyü sahəsi isə 11.4%-dən 11.8%-ə qədər artıb. Ölkədə artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park da yaradılmaqdadır.

Azərbaycan hökuməti bu ikinci Milli Strategiyanı BMTİP yaxın tərəfdaşlıq çərçivəsində iki ilə hazırlayıb. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi və mühafizəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və bu sahədə cəmiyyətin maarifləndirilməsi və s. təşkil edir.

Qulam İshaqzai bildirib: “Milli Bioloji müxtəlifliyə dair Strategiya Azərbaycan Hökumətinə ölkədə suda (DİM 14) və quruda həyat (DİM 15) üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu hədəf ilinədək uğurla həyata keçirməsində dəstək verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti