...

Azərbaycanla Tacikistan əmək, məşğulluq, miqrasiya sahəsində əməkdaşlığın inkişafını müzakirə edib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2016 13:41 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Azərbaycanla Tacikistan əmək, məşğulluq, miqrasiya sahəsində əməkdaşlığın inkişafını müzakirə edib  (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin sabitlik və inkişaf məkanı olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu nəticəsində respublikada dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb: “2003-2015-ci illərdə milli iqtisadiyyatın 3,4 dəfə artdığı ölkədə qeyri-neft sektoru daim genişlənir. Bu sahədə artım dinamikasının davamı kimi, cari ilin 9 ayında həmin sektorda 3,6 faiz artım əldə edilib. İqtisadi şaxələndirmə əmək resurslarının məşğulluğunun təminatı üçün iş yerlərinin yaradılmasında da xüsusi önəm kəsb edir və təkcə bu ilin 9 ayında respublikada 121 mini daimi olan daha 154 min yeni iş yeri açılıb”.

Ölkəmizin əmək bazarında sabit vəziyyətin hökm sürdüyünü qeyd edən S.Müslümov işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə standartlarının hazırlanması və tətbiqi, inklüziv əmək bazarının inkişafı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsi yönündə aparılan işlərdən bəhs edib. Nazir respublikada sosial-iqtisadi inkişaf proseslərinin ölkəyə miqrant axınının artması ilə müşahidə edildiyini, miqrasiya saldosunun müsbət istiqamətdə davam etdiyini, ötən il 1,1 min nəfər olduğunu bildirib: “Azərbaycan miqrasiya sahəsində daim təkmilləşən dövlət siyasətinə malikdir, bu sahədə mütərəqqi beynəlxalq yanaşmalar milli qanunvericilikdə əksini tapır. Eyni zamanda ölkəmiz BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın prinsiplərinin icrası sahəsində müsbət təcrübəyə malikdir”.

S.Müslümov son illərdə ölkəmizin əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemi barədə məlumat verib. Əmək müqavilələrinin elektron qeydiyyat sistemindən bəhs edən nazir əməkçi miqrantlarla bağlı vəziyyətin obyektiv şəkildə öyrənilməsində də bu sistemin mühüm rolunu diqqətə çatdırıb. O qeyd edib ki, sistemdə əməkçi miqrantlarla, o cümlədən Tacikistan Respublikasının vətəndaşları olan əməkçi miqrantlarla bağlanmış əmək müqavilələri də qeydiyyatdan keçirilir. Bu da ölkə vətəndaşları kimi, onların da əmək və sosial hüquqlarının təmin olunmasına hüquqi əsas yaradır: “Bununla yanaşı, Azərbaycan vətəndaşları kimi, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də artıq 10 ildən çoxdur ki, fərdi uçot sistemi ilə əhatə olunub. Həmin insanların gələcək pensiya təminatına stimul formalaşdıran bu sistemdə digər xarici ölkələrin vətəndaşları ilə yanaşı, Tacikistan vətəndaşları olan 50 nəfər də qeydiyyatdadır”.

Respublikamızda əmək bazarı proqramlarının genişləndiyini diqqətə çatdıran S.Müslümov Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində proqramın icra edildiyini vurğulayıb. Bu sahədə aparılan işlərlə bağlı nümayəndə heyətini məlumatlandıran nazir ümumilikdə hazırda ölkədə ailə biznesinin inkişaf etdirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu bildirib.

Tacikistanla ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etdiyini vurğulayan S.Müslümov cari ilin iyun ayında imzalanan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş”in müvafiq sahədə əlaqələrin genişlənməsinə şərait yaratdığını bildirib: “Bu Saziş əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi və digər sahələrdə fəal əməkdaşlıq üçün yeni imkanlar açıb. Biz bu imkanlardan faydalanaraq Tacikistanla qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini diqqətdə saxlayırıq”.

S.Taqoyzoda Azərbaycanla əmək, miqrasiya, məşğulluq sahəsində əməkdaşlığın genişlənməsindən məmnun olduğunu, onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. O, ölkəsində əmək, miqrasiya, məşğulluq sahələrində inkişafyönümlü islahatların davam etdiyini, bu islahatlar zamanı Azərbaycanla əməkdaşlıq müstəvisində təcrübə və məlumat mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini bildirib. S.Taqoyzoda xüsusən müasir texnologiyaların tətbiqi, aktiv əmək bazarı proqramları, insan resurslarının inkişafı və s. üzrə Azərbaycan təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd edib.

Görüşdə nümayəndə heyəti üçün əmək müqavilələri üzrə elektron qeydiyyat sisteminin təqdimatı olub. İki nazirlik arasında əmək, miqrasiya, məşğulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlərə, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdən sonra S.Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin yeni iş şəraitinin istifadəyə verilməsi tədbiri olub.

Tədbirdə S.Müslümov vurğulayıb ki, dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə yönələn siyasətinin əsas prioritetlərindən biridir: “Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli Fərmanı bu istiqamətdə növbəti mühüm addım olub. Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti aparatının işçilərinin say həddi 56 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 852 ştat vahidi müəyyən edilib. Beləliklə də məşğulluq xidməti işçilərinin say həddi ümumilikdə 2,5 dəfə artırılıb və artıq ölkədə əhalinin hər 10,7 min nəfərinə bir nəfər məşğulluq xidməti əməkdaşı fəaliyyət göstərir ki, bu da müvafiq sahədə icra strukturunun kadr potensialının mütərəqqi dünya təcrübəsində mövcud olan normalara uyğunlaşdırılmasına imkan verib”.

Nazir həmin Fərmana uyğun olaraq görülən tədbirlər çərçivəsində Binəqədi rayon Məşğulluq Mərkəzində ştat vahidlərinin də 4 dəfə artırılaraq 24 ştat vahidinə çatdırıldığını qeyd edib: “Bununla yanaşı, yerli strukturlarının maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunması işləri aparılır. Burada əsas məqsəd əməkdaşların normal iş şəraitində çalışmalarına, eyni zamanda vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasıdır”. Daha sonra mərkəzdə yaradılmış iş şəraitinə baxış olub.

S.Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, mərkəzdə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili üçün yaradılmış şəraitlə tanış olub. Qonaqlara kursların təşkili ilə bağlı aparılan işlər, o cümlədən modul tədris proqramları, özünüməşğulluq proqramı üzrə mərkəzdə həyata keçirilən təlim prosesi ilə bağlı məlumatlar verilib. Hazırda Naxçıvan və Goyçay şəhərlərində də Regional Peşə Tədrisi Mərkəzlərinin fəaliyyət göstərdiyi, gələcəkdə digər bir sıra bölgələrdə də belə mərkəzlərin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.

Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə gələn Tacikistan nümayəndə heyəti burada sağlamlıq imkanları məhdud gənclər üçün təşkil olunan peşə hazırlığı kursları, habelə reabilitasiya şəraiti ilə yaxından tanış olub. 2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan bu Mərkəzdə ötən müddətdə 870 nəfərdən çox sağlamlıq imkanları məhdud gəncin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb. Həmçinin mərkəzdə gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edildikləri də qeyd olunub.

Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda da olub. Nümayəndə heyətinə mərkəzin fəaliyyəti, ölkəmizdə yaradılmış müasir sığorta-pensiya sistemi, o cümlədən avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə dolğun məlumatlar verilib. Hazırda respublikamızda 1,3 milyondan çox insanın pensiya ilə təmin edildiyi, son 12 ildə pensiyaların orta aylıq məbləğinin 10,3 dəfədən çox artırıldığı, pensiyaların orta aylıq məbləğinin yoxsulluq həddini iki dəfəyə yaxın üstələdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti