...

Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası təsdiq edildi

Cəmiyyət Materials 1 Noyabr 2016 11:40 (UTC +04:00)
Nazirlər Kabineti "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib.
Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası təsdiq edildi

Bakı. Trend:

Nazirlər Kabineti "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib.

Trend-in məlumatına görə, bu Qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir.

"Yaşıllıqların mühafizəsi haqqında" qanunun və bu Qaydanın tələblərinin pozulmasına görə təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı aşağıdakı hallarda maddi məsuliyyətə cəlb edilirlər:

- yaşıllıqların zədələnməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsinə görə;

- yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə;

- yaşayış məntəqələrində, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, dəmir yolunun, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılmasına görə;

- yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacarların, tinglərin, gül-çiçəklərin və ot bitkilərinin məhv edilməsinə görə;

- şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının ona cavabdeh olan şəxslər tərəfindən alınmamasına və qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə.

Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 gün müddətində "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"yə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.

Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

ƏTRAFLI

Məqalədə:
Xəbər lenti

Xəbər lenti