...

Fransada Azərbaycan multikulturalizminə dair elmi kollokvium keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2016 04:14 (UTC +04:00)
Dekabrın 5-6-da Fransanın Müluz şəhərində yerləşən Yuxarı Alzas Universitetində həmin universitetin Nizami Gəncəvi kafedrası tərəfindən “Multikulturalizm, mədəniyyətlərarası dialoq, mürəkkəb kimlik: Qafqaz nümunəsi” adlı elmi kollokvium keçirilmişdir. Kollokviumda ABŞ, Fransa, Türkiyə, Türkmənistan, Qazaxıstan, Ruminiya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edib.
Fransada Azərbaycan multikulturalizminə dair elmi kollokvium keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 5-6-da Fransanın Müluz şəhərində yerləşən Yuxarı Alzas Universitetində həmin universitetin Nizami Gəncəvi kafedrası tərəfindən “Multikulturalizm, mədəniyyətlərarası dialoq, mürəkkəb kimlik: Qafqaz nümunəsi” adlı elmi kollokvium keçirilmişdir. Kollokviumda ABŞ, Fransa, Türkiyə, Türkmənistan, Qazaxıstan, Ruminiya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, kollokviumun dekabrın 5-də olan rəsmi hissəsini tədbirin təşkilatçısı, Yuxarı Alzas Universitetinin Dil, ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı və Nizami Gəncəvi kafedrasının müdiri Qreta Komur-Tilua açmış, kollokviumun “Kitabi Dədə Qorqud” və Nizami Gəncəvinin əsərləri ətrafında Azərbaycan multikulturalizminə həsr edildiyini bildirmiş və Universitetin Azərbaycanla əməkdaşlığı barədə geniş məlumat vermişdir. Rəsmi hissədə Yuxar Alzas Universitetin prezidenti Kristin Qanqlof-Ziqler, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Müluz şəhər merinin mədəni irs və beynəlxalq əlaqələr üzrə müavini Ann-Katrin Götz və digər rəsmi şəxslər iştirak edib. Xanım Qanqlof-Ziqler Azərbaycanla 2014-cü ildən başlayan əməkdaşlıqdan, universitetdə yenicə yaradılmış Nizami Gəncəvi kafedrasının təqdirəlayiq fəaliyyətindən, Məhsəti Gəncəvi zalının yaradılmasından, Gəncə Dövlət Universitəti ilə mübadilədən danışmış və bu əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. Merin müavini xanım Götz isə Müluz şəhərinin Azərbaycanın Yevlax şəhəri ilə imzaladığı dostluq və əməkdaşlıq xartiyası barədə məlumat vermiş, bu sənədin digər sahələr üçün, xüsusən də təhsil və mədəniyyətə geniş yol açdığını vurğulamışdır. Buna nümunə olaraq, Yuxarı Alzas Universiteti və Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq və hər il təşkil olunan Azərbaycan musiqi festivalı göstərilib.

Səfir Elçin Əmirbəyov isə öz çıxışında Müluzda bu cür elmi kollokviumun təşkilindən məmnunluğunu ifadə etmişdir. O, Azərbaycanın multikulturalizmin ən qədim beşiklərindən biri olduğunu, şifahi və yazılı ədəbiyyat nümunələrimizdə bunun açıq-aydın göründüyünü vurğulayaraq, Azərbaycan multikulturalizminin hüquqi əsaslarının Ümummilli lider Heydər Əliyevin dövründə qoyulduğunu və Prezident İlham Əliyevin bunu daha da inkişaf etdirdiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postunun və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının Azərbaycan dövlətinin mədəni və dini rəngarəngliyin qorunmasına göstərdiyi yüksək diqqətin bariz nümunəsi olduğu qeyd edilmişdir. 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini vurğulayan səfir Əmirbəyov Bakının mədəniyyətlər və dinlər arası dialoqa həsr edilmiş beynəlxalq tədbirləri təşkil etməklə mühüm multikultiralizm platformasına çevrildiyinin qeyd edib.

Kollokviumda iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman isə mərkəzin fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib.

Kollokviumun elmi hissəsində birinci ABŞ-ın Prinston Universitetinin professoru, dünya şöhrətli alim və tanınmış Nizamişünas Maykl Beri danışmış və Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindəki multikulturalizm ideyaları barədə maraqlı məlumatlar verib. O, “İsgəndərnamə” əsərində babil, misir, yəhudi, fars, yunan və buddist fəlsəfələrdən nümunə gətirərək, Nizami Gəncəvinin qədim fəlsəfələri dərindən bildiyini və bu cür müqayisələr aparmaqla onun əsərində multikulturalizm izlərinin aşkar göründüyünü xüsusi vurğulamışdır. M.Bari Nizami Gəncəvini dünya tarixini və fəlsəfi fikirləri dərindən bilən şəxsiyyət kimi xarakterizə edərək, onun əsərlərinin bəşəriyyət üçün bundan sonra da çox fayda verəcəyini qeyd edib.

İki gün davam edən kollokviumda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun alimləri, Gəncə Dövlət Universitetinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən “Azərbaycanda “Kitabi Dədə Qorqud”un öyrənilməsi”, “Dədə Qorqud dastanında ölüm mələyi ilə mübarizə”, “Dədə Qorqud kitabının xaricə dillərdə nəşri”, “Dədə Qorqud kitabı və Alban şifahi ədəbiyyatında mümkün oxşarlıqlar” , “ Qafqaz multikulturalizmi Prometey əfsanələrində” və sair mövzularda mühazirələr oxunmuş və diskussiyalar keçirilmişdir. Kollokviumda mütəxəssislərdən əlavə Yuxarı Alzas Universitetinin tələbələri də yaxından iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti