...

Rektordan təklif: Sağlam təhsil texnologiyası bütün fakültələrdə tətbiq olunsun

Cəmiyyət Materials 18 Aprel 2017 10:57 (UTC +04:00)
Təklif edərdim ki, sağlam təhsil texnologiyası yalnız ibtidai sinif müəllimliyi hazırlığında deyil, bütün fakültələrdə tətbiq olunsun.
Rektordan təklif: Sağlam təhsil texnologiyası bütün fakültələrdə tətbiq olunsun

Bakı. İlhamə İsabalayeva - Trend:

Təklif edərdim ki, sağlam təhsil texnologiyası yalnız ibtidai sinif müəllimliyi hazırlığında deyil, bütün fakültələrdə tətbiq olunsun.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov "Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfansda çıxışı zamanı deyib.

Rektorun sözlərinə görə, ADPU-nun bütün ixtisaslarında 150 saat ərzində mülki müdafiə və tibbi biliklərin əsasları tədris olunur: "Bu fənnin tədrisi üçün zəruri şərait və avadanlıqlar olmadığından o, səmərəli nəticə vermir. Həmin dərsə məktəb gigiyenası fənnini də birləşdirməklə, bu işi daha optimal şəkildə tədris etmək olar".

C.Cəfərov deyib ki, gələcək ibtidai sinif müəllimlərini "Sağlam sinif" layihəsində iştirak edən siniflərlə tanış etmək üçün ibtidai təhsil fakültəsinin nəzdində Sağlam Təhsil Pedaqogikası Mərkəzi və sağlam təhsil auditoriyası yaradılıb. İbtidai sinif müəllimliyi ixtisasında uşaq anatomiyası, fiziologiyası, həyat bilgisi və onun metodikası, ibtidai təhsilin pedaqogikasının tədrisində məktəblərin sağlamlığı və sağlam təhsıl texnologiyaları ilə bağlı daha geniş məlumatların verilməsi nəzərdə tutulub.

Rektor əlavə edib ki, "Sağlam təhsil-sağlam millət" layihəsinə uyğun olaraq, pedaqogika kursunun tədrisində pedaqoji valeologiya və didaktologiyanın əsasları öyrədilir.

C.Cəfərov qeyd edib ki, hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 orta təhsil müəssisəsində fəaliyyət göstərir. “Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunması təmin edilir: "Sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirilir. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri də göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti