...

Azərbaycan səfiri Sofiyada “Tolerantlıq məskəni” sənədli filminin təqdimatına qatılıb (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2017 18:33 (UTC +04:00)

Bakı. Trend:

Sofiya şəhərində Bolqarıstan Kinematoqrafçılar İttifaqının Kino Evində “Tolerantlıq məskəni” sənədli filminin premyerası keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, İsrail-Bolqarıstan İnstitutunun dəvəti ilə Bolqarıstan Respublikasının sabiq prezidenti Petar Stoyanov (1997-2002) və səfir Nərgiz Qurbanova xüsusi qonaqlar qismində tədbirdə iştirak edib.

“Vreme” studiosunun istehsalı olan bu sənədli filmdə 31 mart 2017-ci il tarixində Bolqarıstanın əhalisi əsasən bolqar türkləri olan Kırcalı vilayətinin inzibati mərkəzi Kırcalı şəhərində yerli əhalinin və ölkənin 19 şəhərindən 500-dən çox yuxarı sinif şagirdin və Azərbaycan, ABŞ və İsrail səfirlərinin iştirakı ilə, 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı Bolqarıstan yəhudilərinin ölüm düşərgələrinə deportasiyadan xilas edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Tolerantlıq günü və beynəlxalq dəstək” adlı milli konfransdan bəhs olunur. Filmdə səfir N.Qurbanovanın Kırcalıdəki tədbir zamanı çıxışı da əks etdirilib.

Filmin premyerası 1948-ci ildə Bolqarıstandan İsrailə köçmüş və 2 dəfə knessetin üzvü olmuş, bir neçə kitabın müəllifi, o cümlədən 1943-cü ildə Bolqarıstan yəhudilərinin xilasına dair kitabın, həmçinin İsrail Dövlətinin məşhur dövləti xadimləri David Ben-Qurion və Şimon Peresin bioqrafiyalarının müəllifi olmuş yazıçı, tarixçi və siyasətçi Mixael Bar-Zoarın 80 illik yubileyinə həsr olunub.

Tədbirin açılışında çıxış etmiş sabiq dövlət başçısı P.Stoyanov 1943-cü ildə nasist Almaniyasının müttəfiqi olmuş Bolqarıstanda yəhudiəsilli vətəndaşların ölüm düşərgələrinə deportasiyadan xilas olunmasının ölkəsinin tarixində ən şanlı anlardan biri olduğunu qeyd edərək bolqar cəmiyyətinin bütün mütərəqqi qüvvələrinin birgə səyləri nəticəsində həmin gün humanizmin və tolerantlığın amansız şər üzərində qələbə çaldığını bildirib. O, müxtəlif xalqların yaşadığı Bolqarıstanda tarixən yəhudilərə qarşı heç bir ayrı-seçkilik olmadığına diqqət çəkərək 48 min yəhudiəsilli vətəndaşın ölümdən qurtarılması nəticəsində bolqar milli şərəfin də xilas olunduğunu vurğulayıb. Bu xüsusda M.Bar-Zoarın dünya ictimaiyyətinin sözügedən hadisələr barədə məlumatlandırılmasında böyük rol oynadığı da bildirilib.

Tədbirdə çıxış edən səfir N.Qurbanova 31 mart tarixində Kırcalıdə keçirilmiş tədbiri yüksək qiymətləndirib. Bəşəriyyətin xoşbəxt yaşaması üçün sülhün mühüm önəm daşıdığını söyləyən və bununla əlaqədar iudaizm, xristianlıq və islamın müqəddəs kitablarından olan Talmud, İncil və Qurandan insan həyatının ali dəyəri və xeyirxah əməllərin əhəmiyyəti haqqında kəlamları xatırladan səfir N.Qurbanova səmavi dinlərin Allah bəndələrinin millət, irqi və dini mənsubiyyətindən asılı olmayaraq mehriban yaşamasına çağırdıqlarını və bu nəcibə amala çatmaq üçün qarşılıqlı anlaşma və hörmət şəraitində dinc birgə yasamın xüsusi rol oynadığını qeyd edib.

Əsrlər boyu müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda tolerantlığın milli mənəvi dəyəri olduğunu bildirən səfir bunun tək dövlət siyasəti deyil, həmçinin insanların gündəlik yaşam tərzinin olduğunu vurğulayıb. Şərq və qərb, şimal və cənub arasında siyasi, ticarət və mədəni körpüsü olan Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin son on il ərzində multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyasında tanınmış beynəlxalq mərkəzə çevrildiyini bildirib.

Bu xüsusda ölkəmizdə müxtəlif millətlərin sülh və dostluq içində yaşadığını, heç bir ayrı-seçkilik olmadan məscid, kilsə və sinaqoqların rahat fəaliyyət göstərdiyini söyləyən səfir hal-hazırda Azərbaycanda 17 xristian icmasının və 14 kilsənin, 8 yəhudi icmasının və 7 sinaqoqun mövcudluğu barədə məlumat verib. Həmçinin, yəhudilərin uzun əsrlər ərzində Azərbaycanda rahat yaşadıqlarını qeyd edərək onların tolerantlıq və firavanlıq şəraitində öz dinləri və mənsubiyyətini qoruya bildiklərini və ölkəmizin tarixinə və inkişafına vacib töhfə verdiklərini vurğulayıb.

BMT Nizamnaməsində tolerantlıq və dinc birgə yasamın həkk olunduğunu qeyd edən səfir N.Qurbanova dünyanın hər bir bölgəsində qarışıq cəmiyyətlərin uğurlu inkişafı üçün tolerantlıq və multikulturalizmin təşviqinin xüsusi önəm daşıdığını bildirib. Bu baxımdan səfir gələcək nəsillərin də millət, irqi və dini mənsubiyyətindən asılı olmayaraq sülh və firavanlıq şəraitində yaşamalarının təmin etmək üçün zəruri tədbirlərin görülməsinə çağırıb.

Tədbirdə həmçinin Kırcali şəhəri merinin müavini Veselina Tixomirova çıxış edib. O, 31 mart 2017-ci il tarixində keçirilmiş tədbir haqqında danışıb və bu xüsusda tolerantlığın və ayrı-seçkiliyə qarşı mübarizənin əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda İsrail-Bolqarıstan İnstitutunun sədr müavini Yakov Cerasi tərəfindən 1943-cü ildə Bolqarıstan yəhudilərinin xilasına dair ən yaxşı inşaların müəllifi olan gənclərə mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti