Bakı. Trend:
"Qarabağ" klubu bu gün Çempionlar Liqasının qrup mərhələsinin III turunda saat 20:00-da Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" komandasını qəbul edəcək.
Trend klubun saytına istinadən məlumat verir ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün "Qarabağ" Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb və matçdan sonra azarkeşlər üçün xüsusi avtobus ayrılması haqqında razılığa gəlib.
Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında "20 Yanvar", "28 May" və "Qara Qarayev" metro stansiyalarına ödənişsiz olaraq azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq.
Azarkeşlərin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur.