...

Prokurorluq orqanlarına işə qəbul üçün test imtahanı keçiriləcək

Cəmiyyət Materials 16 Yanvar 2018 18:00 (UTC +04:00)
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı fevralın 28-də keçiriləcək.
Prokurorluq orqanlarına işə qəbul üçün test imtahanı keçiriləcək

Bakı. Trend:

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı fevralın 28-də keçiriləcək.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində demokratik və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən keçirilən müsabiqə üzrə sənədlərin qəbulu 15 fevral 2018-ci il tarixədək davam etdiriləcək.

Prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 28 fevral 2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 3 saat ərzində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26 A) keçiriləcək.

Test imtahanında iştirak etmək üçün müsabiqəyə buraxılan namizədlər 22-23 fevral 2018-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Namizədlərin diqqətinə çatdırılır ki, imtahan zamanı istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək:

Azərbaycan Respublikasının Konstitusiyası;
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti