Bakı. Trend:
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, martın 28-də Binəqədi Rayon İcra Hakimiyyəti ilə Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Binəqədi rayonunun və Bilik Fondunun nümayəndə heyəti, Rayon Gənclər və İdman İdarəsinin və YAP Binəqədi rayon təşkilatının gənc fəalları, İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin Quba Soyqırımı Memorial Kompleksinə səfəri təşkil olunub.
Trend-in məlumatına görə, səfərdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Prezident yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov iştirak ediblər.
Ziyarət zamanı kompleksin yaradılma tarixi ilə bağlı bildirilib ki, 1918-ci ildə ermənilərin törətdiyi soyqırım faktı tarixdən bəlli olsa da, məzarlıq 2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən aşkar edilib. Qubada tapılan kütləvi məzarlığın ermənilərin 100 il əvvəl törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.
Gənclərə 30 dekabr 2009-cu ildə Prezidentin “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında imzaladığı Sərəncam barəsində məlumat verilib və vurğulanıb ki, sənəd erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
Ziyarətdən sonra Kompleksin Muzeyində “Azərbaycanlıların soyqırımı: tarix və bu gün” mövzusunda konfrans keçirilib. Konfransda Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, Bilik Fondunun sektor müdiri Hacı Abdulla çıxış edərək ermənilər tərəfindən düşünülmüş şəkildə həyata keçirilmiş qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə yeksan edildiyini, minlərlə azərbaycanlının böyük qəddarlıqla qətlə yetirildiyini bildiriblər.
Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov çıxışında ermənilərin öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə etdiklərini qeyd edib. Natiq qeyd edib ki, 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirilib. 26 mart 1998-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən soyqırım hadisələrinə siyasi qiymət verilərək “Azərbaycanlıların soyqırımı haqqqında” Fərman imzalanaraq 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunub. Sonda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.