...

Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə töhfələr verir (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2018 18:08 (UTC +04:00)
170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə ölkəmiz uğurlu əməkdaşlıq edir.
Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə töhfələr verir (FOTO)

Bakı. Trend:

1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə ölkəmiz uğurlu əməkdaşlıq edir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, assosiasiyanın əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında prokurorlar arasında forum rolunu oynamaqdır.

Azərbaycan Respublikası təşkilat yarandığı vaxtlardan onunla işgüzar münasibətlər qurmuş, Baş Prokurorluq və Hərbi Prokurorluq Assosiasiyaya təşkilati üzv kimi qəbul edilmiş, ölkəmizin nümayəndələri uzun illərdir Assosiasiyanın rəhbər qurumları olan İcraiyyə Komitəsində və Senatda Azərbaycanı layiqincə təmsil edirlər.

Respublikamızın Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq BPA-nın 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilmiş illik tədbirlərində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınıb.

Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti cənab Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tayland, Bəhreyn və Mavriki dövlətlərinin Baş prokurorları, habelə təşkilata üzv olan digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri ölkəmizdə səfərdə olublar.

Səfər çərçivəsində qonaqlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Dünyanın 20-dən çox ölkəsinin prokurorluq orqanları yüksək təmsilçilərinin və Azərbaycan Respublikasının dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin açılışı olub.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov ölkə Prezidenti cənab İlham Əliyevin adından qonaqları salamlayıb, tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini qeyd edərək hazırkı iclasın dövlətimizin hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirib.

İclasa sədrlik edən Baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğulayıb, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun BPA-nın uzun illər İcraiyyə Komitəsinin üzvü olmuş, hazırda Assosiasiyanın senatoru və fəxri üzvü, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olmasını qeyd edib.

Baş prokuror ölkəmizin belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək hazırkı iclasın təşkilatın işinə verdiyi töhfələrinə görə yaddaqalan olacağına və əməkdaşlığımızın daha da inkişafı və dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov açılışda Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu və Azərbaycanın BPA-nın inkişafında töhfələri ilə bağlı foto-slaydlardan ibarət əyani prezentasiya ilə çıxış edib, İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasını və Komitə üzvlərinin böyük şərəf verilərək ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq Bakı iclasının yaddaqalan və belə tədbirlər üçün yüksək standart kimi müəyyən etdiyini vurğulayıb.

Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi aparılır, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və müxtəlif digər dövlətlər tərəfindən geniş bəhrələnilir.

Assosiasiyanın prezidenti Qerhard Yaroş çıxış edərək iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə öz dərin təşəkkürlərini bildirib, Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb.

İki gün davam edən iclasda İcraiyyə Komitəsi üzvlərinin gördüyü işlərə, qurumun maliyyə durumuna dair hesabatlar müzakirə olunaraq qəbul edilib, bir sıra vəzifələrə təyinatların aparılması, Assosiasiyanın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti və gələcək inkişafı, qurumun üzvləri arasında, həmçinin təşkilatın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, transmilli cinayətkarlığa qarşı mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım məsələləri ilə bağlı geniş diskussiyalar aparılıb, bir sıra mühüm qərarlar qəbul edilib.

Yekunda İcraiyyə Komitəsinin növbəti iclasının, həmçinin Assosiasiyanın növbəti İllik Konfransı və Ümumi Yığıncağının 2018-ci ilin 9-13 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilməsi qərara alınıb.

Səfər zamanı Beynəlxalq Prokurorlar Assosiasiyanın prezidenti Qerhard Yaroş, Baş katibi Han Moraal, icraçı direktoru xanım Yanne Holst Hübner və təşkilatın digər rəsmiləri Azərbaycan Respublikasının Baş Prokurorluğunda Baş prokuror Zakir Qaralov tərəfindən qəbul ediliblər.

Baş prokuror Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına məhz Azərbaycan Respublikasının ev sahibliyi etməsinin həm Assosiasiyanın fəaliyyətində, həm də cinayətkarlığın bütün formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, daha öncə BPA-nın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasını xatırladaraq bu tədbirlərin qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı qonaqlara son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar, ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib.

Mövcud səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən Q.Yaroş ölkəmizlə təşkilat arasında qurulmuş münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib, Azərbaycan Prokurorluğunun dəstəyi ilə 2017-ci ildə Bakıda keçirilmiş Assosiasiyanın "Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans"ına yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirərək İcraiyyə Komitəsinin 45-ci iclasında da ölkəmizin öz müsbət təcrübələrini tətbiq edəcəyinə ümidvar olduğunu bəyan edib.

Assosiasiya rəsmiləri daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər.

Görüşdə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolu vurğulanıb, ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığı, Assosiasiyanın işinə verdiyi dəyərli töhfələri, habelə onun rəhbər orqanlarında fəal təmsilçiliyi yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyətinə yinə dair faydalı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Baş prokuror Zakir Qaralovla Tayland Krallığının Baş prokuroru cənab Khemçai Çutivonqsi, Bəhreyn Krallığının Baş prokuroru cənab Əli Albuainaini, Mavriki Respublikasının Baş prokuroru cənab Saatyajit Boolell və digər ölkələrin Baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.

Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran xarici qonaqlar ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, dövlətlərarası əməkdaşlığın prokurorluq orqanları arasında da genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildiriblər. İkitərəfli görüşlərdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində müqavilə bazasının formalaşdırılmasından danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək ölkələrimizin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Səfər zamanı iştirakçılar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubunda inşa edilmiş və ən müasir avadanlıqla təchiz edilmiş inzibati binasında olub, Baş İdarədə yaradılmış yüksək iş şəraiti ilə yaxından tanış olan qonaqlara korrupsiyaya qarşı mübarizədə qətiyyətli siyasi iradənin təzahürü olan qurumun fəaliyyəti barədə məlumat verilib. Sonra Assosiasiya rəsmiləri ilə quruma üzv olan ölkəmizin gənc prokurorluq əməkdaşlarının görüşü keçirilib, əməkdaşlara təşkilatın cinayətkarlıqla mübarizənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən ixtisaslaşdırılmış şəbəkələri və digər layihələri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılaraq iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qonaqlar həmçinin ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu ilə tanış olublar. Eyni zamanda, bölgələrə səfər edilərək Şəkidə məhkəmə kompleksinin və rayon prokurorluğun fəaliyyəti, rayonun qədim tarixi guşələri ilə tanış olunub. İştirakçılar Qəbələdə “ASAN” Xidmət Mərkəzinin fəaliyyəti, həmçinin müasir məhkəmə binası ilə tanışlıqdan da xoş təəssüratla ayrılıblar, "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinə səfər edərək ölkəmizin turizm potensialının və yaradılmış ən yüksək beynəlxalq standartlara cavab verən infrastrukturun əyani şahidi olublar.

Azərbaycan Respublikasının prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizədə səylərin birləşdirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti