...

Heydər Əliyevin 95 illiyi münasibətilə Belarusda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 11 May 2018 20:26 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Belarus Milli Kitabxanasının Dairəvi Prezident zalında elmi-praktik konfrans keçirilib.
Heydər Əliyevin 95 illiyi münasibətilə Belarusda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Belarusdakı səfirliyi bu ölkənin xarici işlər nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Belarus Milli Kitabxanasının Dairəvi Prezident zalında elmi-praktik konfrans keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransda əsas qonaq qismində Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Boleslav Pirştuk və Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko iştirak ediblər.

Bundan əlavə konfransda Belarusun tanınmış ictimai-siyasi xadimləri, elm adamları, Belarus parlamentinin deputatları və ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər. Tədbirdə Belarus baş nazirinin müavini, Belarus-Azərbaycan Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Vladimir Semaşkonun konfrans iştirakçılarına müraciəti oxunub. Konfransa Belarus Milli Məclisinin Respublika Şurasının milli təhlükəsizlik və beynəlxalq məsələlər daimi komissiyasının sədri Sergey Raxmanov moderatorluq edib.

Səfir Lətif Qəndilov konfransda giriş sözü ilə çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı geniş məlumat verərək, bildirib ki, böyük şəxsiyyət odur ki, onun şəxsi maraqları ümumbəşəri prinsiplərlə üst-üstə düşsün. Dövlətə rəhbərlik etmək vəzifədirsə, lider olmaq taledir. XX əsrdə Azərbaycan xalqının tarixini yazmaq vəzifəsi məhz Heydər Əliyevin üzərinə düşüb. Əgər Heydər Əliyev olmasaydı, Azərbaycan dövləti dağılar, xalq isə qaçqın vəziyyətinə düşərdi. Müasir dünyanın tarixində bu cür misallar çoxdur. O, Azərbaycan xalqının milli dəyərlərindən olan Heydər Əliyevin böyük şəxsiyyətinə göstərilən diqqətə görə Belarus Hökumətinə, Belarus Parlamentinə, Prezident Administrasiyasına və ölkə Prezidenti Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib. O, Azərbaycan ilə Belarus arasında dostluq münasibətlərinə diqqət çəkərək, bunu dövlətlərarası münasibətlərə bir nümunə olduğunu söyləyib.

Konfransda Belarus Parlamentinin sədr müavini B.Pirştukun, xarici işlər nazirinin birinci müavini A.Yevdaçenkonun, “Belaya Rus” ictimai birliyinin rəhbəri G.Davıdkonun, Belarus Milli Elmlər Akademiyasının rəyasət heyətinin sədrinin birinci müavin S.Çijikin, MDB icraiyyə komitəsi sədrinin birinci müavini V.Quminskinin, Azərbaycan SSR-in DTK-də işləmiş, Belarus Milli Təhlükəsizlik İnstitunun professoru polkovnik A.Şardakovun və digər məruzəçilərin çıxışları iştirakçılar tərəfindən rəğbət və maraqla qarşılanıb. Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov isə çıxışında Rusiya ilə Azərbaycan arasında möhkəm dostluq münasibətlərinin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu, hələ SSRİ vaxtında Rusiyanın paytaxtı Moskva şəhərində və müxtəlif regionlarında Heydər Əliyev tərəfindən yaradılmış səhiyyə, mədəniyyət və sosial müəssisə və obyektlərin bu gün də xalqın xidmətində olduğunu böyük məmnuniyyətlə xatırlayıb.

Proqramda nəzərdə tutulan çıxışlardan əlavə Gürcüstanın Belarusdakı səfiri V.Kvaratsxeliya və Belarusun Azərbaycandakı keçmiş səfiri N.Patskeviç çıxış edərək öz fikirlərini konfrans iştirakçılarına çatdırıblar. 90-cı illərdə Naxçıvandakı Sovet ordu hissələrinə rəhbərlik etmiş, Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuş general Rostislav Slaboşeviç ümummilli lider Heydər Əliyevin o zaman ağır blokada şəraitində olan Naxçıvanı necə xilas etməsi ilə bağlı çıxışı edib. O, bildirib ki, Heydər Əliyev ilə iki il yarım çiyin-çiyinə işləmiş və dahi şəxsiyyətin böyüklüyünün şahidi olub. İndi isə ən böyük arzusu Azərbaycana gedərək Heydər Əliyevin məzarını, Bakı şəhərini və Naxçıvanı ziyarət etməkdir.

Konfransı yekun sözü ilə bağlayan səfir L.Qəndilov bir daha Belarus hökumətinə, Parlamentinə, Prezident Administrasiyasına və Belarus Milli Kitabxanasına konfransın təşkilində göstərdikləri köməkliyə görə təşəkkürlərini bildirib.

Tədbirin gedişi zamanı nümayiş etdirilən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 3 qısametrajlı film konfransda müzakirələrin gedişinə müsbət və aktiv təsir göstərib.

Heydər Əliyevin 95 illiyi ilə əlaqədar L.Qəndilovun Belarusun əsas dövlət qəzeti olan “Sovetskaya Belarusiya” qəzetində “Гейдар Алиев: «Моим жизненным идеалом было служение народу»” adlı geniş məqaləsi dərc olunub.

Yaxın zamanlarda konfransın materialları ayrıca kitab şəkilində buraxılacaq.

Konfransın işi yerli KİV-ri tərəfindən geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti