...

Məscidlərin ətrafında nəqliyyatın hərəkəti ilə bağlı yol polisindən AÇIQLAMA

Cəmiyyət Materials 14 İyun 2018 17:30 (UTC +04:00)
Ramazan bayramı günlərində yol polisi gücləndirilmiş iş rejimi ilə xidmət edəcək.
Məscidlərin ətrafında nəqliyyatın hərəkəti ilə bağlı yol polisindən AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

Sabah Ramazan bayramı ilə əlaqədar qılınan bayram namazı zamanı məscidlərin ətrafındakı yollarda avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, sürücülər məscidlərin ətrafındakı yollarda parklanma, dayanma-durma qaydalarına ciddi riayət etməlidirlər.

O qeyd edib ki, Ramazan bayramı günlərində yol polisi gücləndirilmiş iş rejimi ilə xidmət edəcək. Xüsuilə bayram tədbirlərinin keçirildiyi ərazi və onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət aparılacaq:

"Yollarda təhlükəsizliyin, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatmasının təmin edilməsi məqsədilə uzaq yol istiqamətində, o cümlədən bölgələr istiqamətində gedən sürücülərə müraciət edirik ki, səfərə çıxarkən mütləq soyuducu sistemi və texniki cəhətdən saz olan avtomobillərlə hərəkət etsinlər və yol boyu özlərinin və sərnişinlərinin təhlükəsizlik kəmərlərindən istifadə etməsini təmin etsinlər”.

Polis polkovniki vurğulayıb ki, ən başlıca vəzifə isə yol boyunca qoyulmuş yol nişanlarına düzgün əməl olunmasıdır:

“Sürücülər sürət həddinin aşılmasının yol-nəqliyyat hadisəsinə səbəb ola bilməsini nəzərə almalı, eyni zamanda, ara məsafələrini düzgün saxlamalıdırlar. Sürücülərə imkan daxilində gecə vaxtı uzaq səfərdən imtina etmək tövsiyə edilir. Yol boyu hər hansı bir yorğunluq hiss etsələr, yol polisləri postlarında polis əməkdaşlarına müraciət edə bilərlər. Yolda hərəkət edərkən sürücülər sağ hərəkət zolağı ilə hərəkət etməyə üstünlük verməlidirlər. Ötmə hərəkəti etmək istəyərkən ötməni başa çatdırdıqdan sonra yenə sağ zolağa keçməklə hərəkəti davam etdirməlidirlər. Sürücülər unutmamalıdır ki, yol zolaqları üzrə hərəkətin tələbləri pozulduqda inzibati xəta tərkibi yarana bilər”.

Qeyd edək ki, sabah Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq. Bakıda bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti