...

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2018 17:36 (UTC +04:00)
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir (FOTO)

Bakı. Trend:

Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

Respublika Veteranlar Təşkilatından Trend-ə verilən məlumata görə, tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır.

İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barəsində məlumat verərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın geniş fəaliyyətindən danışıb. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının bu gün 20 faizdən artıq ərazisi Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri hesab edib.

Tədbirdə həmçinin layihə çərçivəsidə hazırlanıb çap olunmuş, beş nəfər Qarabağ və Aprel şəhidinin döyüş və həyat yolundan bəhs edən “Torpağı Vətən edənlər” kitabçasının təqdimatı olub. Layihə və kitabçanın müzakirəsi çərçivəsində Respublika Veteranlar Təşkilatının şöbə müdirləri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Lətif Babayev (kitabça mətninin müəllifi),Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, fiologiya elmlər doktoru Bədirxan Əhmədov, Qarabağ müharibəsi veteranı, jurnalist Elçin Müseyboğlu, Əfqanıstan müharibəsi veteranı, polkovnik Elşad Şabanov, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, veteranlar çıxış edərək yeniyetmə və gənclərin şəhidlərimizin həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Vətən, torpaq yolunda həyatlarını qurban vermiş insanların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu və onların əbədi həyat qazandıqlarını qeyd ediblər.

Tədbirin sonunda kitabça tədbir iştirakçılarına paylanılıb, veteranlar gənclərlə xatirə şəkli çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti