...

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Cəmiyyət Materials 18 Mart 2019 19:02 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İdarədən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərim! Sizi xalqımızın qədim, mübarək bayramı – Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram sevinci diləyirəm.

Novruz ulu tariximizdə özəl yeri və önəmi olan el bayramıdır. Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük Lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır.

Yaradanın Lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. Bu ilki Novruz İslam dünyasında önəmli şəxsiyyət Həzrəti Əli Əleyhissəlamın mövludu ilə eyni vaxta təsadüf edir. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.

Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi, torpaqlarımızın işğaldan azad olunacağına inamımızı daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətində görür və bu inkişaf yolunu ürəkdən dəstəkləyir. Elimizin əziz bayramlarından olan Novruz ərəfəsində dövlətimiz tərəfindən atılan sosial yönümlü addımlar, xalqın rifahı üçün verilən qərar və sərəncamlar, əhf fərmanı hər bir azərbaycanlı ailəsinin bayram sevincini, bayram ovqatını daha da artırdı, xalqa əsl bayram hədiyyəsi oldu.

Ulu öndərin xeyir-duası ilə başlanmış ali mənəviyyat yolunun, əlhəmdülillah, davam etdiyi, ümumbəşəri dəyərlərə ehtiramlı münasibəti ilə seçilən multikultural dəyərlər ölkəsi Azərbaycan İslam dəyərlərinə yüksək ehtiramı, dinlər və sivilizasiyalar arasında dialoq ideyalarına sədaqəti, bütün səmavi dinlərə sülh naminə birlik, həmrəylik ismarıcları ilə dünyanın gündəmindədir.

Əziz həmvətənlərim! Novruz bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin.

Qoy Novruzun qədəmləri mübarək olsun, xalqımız üçün xeyirlərə vəsilə olsun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti