...

IDEA İctimai Birliyi təbiətsevərlər üçün yeni müsabiqə elan edir (FOTO)

Cəmiyyət Materials 30 Mart 2019 10:10 (UTC +04:00)
IDEA İctimai Birliyi təbiətsevərlər üçün yeni müsabiqə elan edir.
IDEA İctimai Birliyi təbiətsevərlər üçün yeni müsabiqə elan edir (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi təbiətsevərlər üçün yeni müsabiqə elan edir.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, ətraf mühitin mühafizəsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirən IDEA insan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri cəlb etmək və təbiətin qorunmasında onların böyük rolunu nümayiş etmək məqsədilə yeni müsabiqəyə start verib. Sözügedən müsabiqə bütün dünya üzrə təbiətsevər könüllülərin başladığı #Trashtag aksiyası üzrə elan edilib.

#Trashtag aksiyası hazırda bütün dünyada gənclər arasında trendə çevrilib. Aksiya çərçivəsində tullantılarla çirklənmiş ərazilər təbiətsevər individuallar və ya qruplar tərəfindən təmizlənir və onlar tərəfindən sosial şəbəkələrdəki (instagram və facebook) səhifələrində #Trashtag heşteqi altında “əvvəl-sonra” konsepsiyalı fotohesabatlar paylaşılır. Ekoloji əhəmiyyətini nəzərə alaraq IDEA İctimai Birliyi gənclərin böyük marağına səbəb olan aksiyanı ölkəmizdə də təbliğ və təşviq etməklə ətraf mühit naminə gücləri birləşdirməyi hədəfləyir.

IDEA İB-nin ətraf mühitlə bağlı maarifləndirməni artırmaq məqsədilə elan etdiyi #Trashtag müsabiqəsinin şərtləri olduqca sadədir. Belə ki, müsabiqəyə qoşulanlar ilk növbədə tullantılarla çirklənmiş ərazi (parklar, sahillər, meşələr, yollar, müxtəlif sahələr) tapmalı, ərazinin "əvvəl" konsepsiyalı fotoşəklini çəkməli, orada tək və ya qrup şəklində təmizlik etməli və sonda tullantılardan tamamilə təmizlənmiş ərazinin "sonra" konsepsiyalı fotoşəklini çəkməlidir. Daha sonra iştirakçılar təmizlənən ərazinin "əvvəl-sonra" fotoşəkillərini [email protected] emailinə göndərməli və aşağıdakı heşteqlərlə sosial şəbəkələrdəki səhifələrində paylaşmalıdır: #Trashtag, #TrashtagAzerbaijan, #TrashChallenge

Qeyd edək ki, IDEA İctimai Birliyi tərəfindən 27 mart tarixində start verilən müsabiqəyə artıq bir neçə təbiətsevər qoşularaq öz işlərini təqdim edib. Siz də bu axına qoşulun və ekoloji trenddən geridə qalmayın.

IDEA İctimai Birliyi ən yaxşı 5 nəticəni nümayiş edən iştirakçıları möhtəşəm hədiyyələrlə mükafatlandıracaq. Müsabiqənin bitmə tarixi 27 aprel 2019-cu ildir.

Siz də qoşulun və bu kampaniyanın Azərbaycanda da yayılmasına dəstək olun. Ölkəmizin əsrarəngiz təbiətinə sevgimizi göstərməyin əsl vaxtıdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti