Bakı. İlhamə İsabalayeva - Trend:
TOEFL IBT və SAT imtahanları 2019-cu il iyunun 1-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, SAT imtahanında iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
TOEFL IBT imtahanı isə saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/