...

Ombudsman rəsmisi gender tədbirində iştirak edib

Cəmiyyət Materials 3 Mart 2020 13:00 (UTC +04:00)
Bu günlərdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbdə “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib.
Ombudsman rəsmisi gender tədbirində iştirak edib

Bakı. Trend:

Bu günlərdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbdə “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata əsasən, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəblilər gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları rəsm əsərlərini və səhnəcikləri nümayiş etdiriblər.

Ombudsmanın nümayəndəsi tədbirdə çıxış edərək, Müvəkkilin qadın və uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin olunması məsələlərinə daim diqqət yetirdiyini vurğulayıb. O, Ombudsmanın məişət zorakılığı, erkən evlilik və təhsildən yayınma kimi mənfi halların qarşısının alınması sahəsində çoxşaxəli fəaliyyəti, həmçinin uşaq hüquq pozuntuları ilə bağlı 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xətt barədə ətraflı məlumat verib. Bununla yanaşı, Ombudsman Aparatının uşaq hüquqları ilə bağlı nəşrləri məktəbə təqdim edilib.

Sonda “Gender zorakılığı – cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti