Bakı. Ceyhun Ələkbərov - Trend:
Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.
Qeyd olunub ki, ötən gündən etibarən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən sərnişinlərin sayında 600 nəfər artım olub:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən yumşaldılması ilə əlaqədar, Abşeron dairəvi dəmir yolu istiqamətində hərəkət edən qatarlara sərnişin tələbatı nisbətən artıb. Belə ki, ötən həftə gün ərzində 2700 sərnişin daşınırdısa, mayın 18-də bu say gün ərzində 3300 nəfər olub".
QSC-dən əlavə ediblər ki, sərnişinlərin sayı çoxalsa da, bu hələ ki xüsusi çətinlik yaratmır:
"Bununla bağlı monitorinqlərimizi davam etdiririk. Artım 1000 nəfəri keçərsə, xəttə əlavə qatarların qoşulması ilə bağlı tədbir görüləcək".