...

Koronavirusa yoluxan azərbaycanlı jurnalist: Avtobusda maskadan istifadə etmirdim

Cəmiyyət Materials 4 İyun 2020 12:09 (UTC +04:00)
Səhlənkarlıq edib qoruyucu maskadan istifadə etmədiyim üçün koronavirusa yoluxdum.
Koronavirusa yoluxan azərbaycanlı jurnalist: Avtobusda maskadan istifadə etmirdim

Bakı. Samir Əli - Trend:

Səhlənkarlıq edib qoruyucu maskadan istifadə etmədiyim üçün koronavirusa yoluxdum.

Bunu Trend-ə açıqlamasında jurnalist Xaliq Rəşidoğlu deyib.

Jurnalist bildirib ki, ictimai nəqliyyatdan tibbi maskasız istifadə etdiyi üçün bu virusa yoluxub: "Marşrut avtobusunda maskadan istifadə etmirdim. Axşam evdə bir neçə gün hərarət və başağrısı oldu. 5 gündən sonra Təcili Tibbi Yardıma müraciət etdim. Həkim briqadası gəldi, simptomları dedim, məndən test götürdülər. 2 gün sonra cavab gəldi ki, analizlərin nəticəsi pozitiv çıxıb və mən koronavirusa yoluxmuşam. Yenidən Təcili Tibbi Yardım Briqadası məni Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirdi. Klinikada müalicə prosesi çox yüksək səviyyədə təşkil olunub. Tibbi heyət olduqca operativ və keyfiyyətli xidmət göstərirdilər".

X. Rəşidoğlu bildirib ki, klinikada 14 gün müalicə kursu keçib: "12 gündən sonra yenidən test elədilər və məlum oldu ki, sağalmışam. İki dəfə təkrar test edəndən sonra evə yazıldım. Hazırda ev şəraitində müalicəm davam etdirilir, tibbi heyətin nəzarətindəyəm. Artıq normal həyata qayıdıram. Təngnəfəslik, halsızlıq yoxdur, arabir hərarət olur".

Jurnalist Azərbaycan əhalisinə müraciət də edib: "Vətəndaşlara tövsiyə edirəm ki, virus yoxdur, deyib keçməsinlər. Tibbi maskalardan və digər qoruyucu vasitələrdən daim istifadə etsinlər, sağlamlıq insan üçün hər şeydən öndədir. İctimaiyyət içinə çıxan şəxs özünü və yaxınlarını qorumaq üçün maskadan istifadə etməli, gigiyenik qaydalara diqqət yetirməlidir. Səhlənkarlıq edib maskasız ictimai nəqliyyatdan istifadə etməyim bununla nəticələndi. İstəmərəm ki, kimsə bu virusa yoluxsun. Ona görə də tövsiyə edirəm ki, hamı maskadan istifadə etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti