Bakı. Asif Mehman - Trend:
2019-cu ildə şəhid ailələrinə verilən Prezidentin aylıq təqaüdü 242 manatdan 300 manata çatdırılıb.
Trend-in məlumatına görə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə aylıq sosial müavinət verilir. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq pensiya aldıqları halda) aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib.
Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib.
Qeyd edək ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının təhsil haqları da dövlət hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.