...

Uzun illərdən sonra ilk dəfə doğum günümü Şuşada qeyd edəcəyəm - Şuşa sakini

Cəmiyyət Materials 9 Noyabr 2020 10:34 (UTC +04:00)
Uzun illərdən sonra ilk dəfə doğum günümü Şuşada qeyd edəcəyəm - Şuşa sakini

Bakı. İlhamə İsabalayeva - Trend:

Şuşa işğal edildikdən sonra ad günümü keçirmirdim, amma indi özümə söz verdim ki, uzun illərdən sonra ilk dəfə növbəti doğum günümü Şuşada qeyd edəcəyəm.

Bunu Trend-ə Şuşadan olan məcburi köçkün Günel Şahmalqızı deyib.

Şuşada doğulub, 9 yaşına kimi Şuşada məktəbə getdiyini deyən G.Şahmalqızı sonuncu dəfə ad gününü bu şəhərin işğalından əvvəl keçirdiyini xatırladıb:

"9 yaşımdan sonra heç zaman ad günümü qeyd etməmişəm. 1992-ci il mayın 8-da xəbər gəldi ki, Şuşa işğal edilib. Atamın şəhid xəbərini aldıq. O gündən sonra ad günümü qeyd etmirəm, bunu dostlarımdan da gizlədirdim ki, heç kim məni təbrik etməsin. Ermənilər təkcə Qarabağı işğal etməyib, bütün uşaqlığımızın, gəncliyimizin matəm içində keçməsinə səbəb olub. Bu gün özümə söz verdim ki, bu qələbədən sonra doğum günümü ilk dəfə Şuşada atamla birgə qeyd edəcəyəm. Çünki atamın meyiti işğal günü Şuşada qalıb".

Şuşanın işğaldan azad edilməsinin ona sözlə ifadə edilə bilməyəcək qədər bir sevinc bəxş etdiyini deyən G.Şahmalqızı bu gün olduqca xoşbəxt olduğunu söyləyib:

"Çox xoşbəxtəm ki, illərlə həsrət qaldığımız doğma torpağımız işğaldan azad edildi. Ümid edirəm ki, çox tezliklə bütün köçkünlərimizin Vətən həsrətinə son qoyulacaq. Bu ölkədə artıq məcburi köçkün statusu olan kimsə qalmayacaq. Möhtəşəm Qələbə Günümüz çox yaxındadır. Bu sevinci bizə yaşadan, torpaqlarımızın azadlığı uğrunda döyüşən bütün əsgərlərimizə can sağlığı diləyirəm, şəhidlərimizin qarşısında baş əyirəm. Siz rahat uyuyun, əziz şəhidlərimiz! Sizin qisasınız alınır. Amma bu, yalnız qisas deyil, bu qələbə tarixi ədalətdir, haqqın öz yerinə qayıtmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti