...

Diplomat olmağa hazırlaşırdı - Şəhid Nicat Əhmədovun xatirəsi qəlbimizdə və tariximizdə əbədi yaşayacaq! (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2020 11:45 (UTC +04:00)
Diplomat olmağa hazırlaşırdı - Şəhid Nicat Əhmədovun xatirəsi qəlbimizdə və tariximizdə əbədi yaşayacaq! (FOTO)

Bakı. Trend:

“Allah yolunda öldürülənlərə (Şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” – “Qurani-Kərim, “Bəqərə” Surəsi, 154.

Şəhidlik adi bir ölüm deyil, Allah, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban verməkdir, bütün fədakarlıqların ən böyüyüdür. Şəhidlik – insana verilmiş ən dəyərli nemət olan ömür payını qoynunda yaşadığın Vətənə və onun gələcək nəsillərinin xoşbəxtliyinə bağışlamaqdır. Vətən sevgisi imandandır, bircə gün Vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içində var olan hər şeydən daha üstün və xeyirlidir. Çünki bu yolda itki yoxdur.

Uhud döyüşündə Həzrəti Məhəmməd Peyğəmbərin yanına dəmir zirehli bir kişi gələrək belə deyir: "Ya Rəsulullah! İcazə ver döyüşüm, sonra da müsəlman olum". Hz.Peyğəmbər isə cavabında "Əvvəl müsəlman ol, sonra vuruş" deyə buyurur. Həmin adam müsəlmanlığı qəbul edir, ondan sonra müsəlmanların tərəfində döyüşə girir və elə həmin gün də döyüşdə şəhid edilir. Bunu görən Rəsulullah belə buyurur: "Az işlədi, amma çox qazandı".

Bəli, Şəhidlik itki deyil, qazancdır. İnsan üzərində mütləq hakim olan ölümün ən şərəflisi, ən ləyaqətlisidir. Bu ölüm, adi bir məişət hadisəsi deyil, tarixə, əfsanəyə çevrilən hadisədir Şəhidlik. Məhəmməd ümmətinə xas üstün bir qayə, yüksək bir mərtəbədir, hər kəsə nəsib olmayan xoşbəxt bir aqibətdir Şəhidlik.

Birinci Qarabağ müharibəsində olduğu kimi, ikinci müharibədə də çoxsaylı əsgərlərimizə nəsib oldu Şəhidlik məqamı. Onları itirdikcə ağladıq, sızladıq, amma çarəsiz də deyildik, içimizdə bir ümidimiz, nicatımız var idi – o da böyük Qələbəyə olan inam hissi idi. O inam ki, ölümün gözünə dik baxmağa, qorxunu yenib qələbə əzminə köklənməyə, həmrəyliyə, birlik olmağa çağırırdı bizi. Birinci Qarabağ savaşında dillər əzbərinə çevrilmiş bu musiqi parçasının sədaları kimi:

Nicatımız birlikdədir,
Bizə birlik gərəkdir!
Azərbaycan torpağına
Səfərbərlik gərəkdir!

O birlik də oldu, səfərbərlik də, Qələbə də! Şəhid Nicat Əhmədov kimi qəhrəmanlarımızın sayəsində! O qəhrəmanları yetişdirən ata-anaların sayəsində!

Müharibə yaşamasaydıq, taleyimizdən bu ağır sınaqlar keçməsəydi, 22 yaşlı gənclərə körpə fidanlar deyərdim…. Amma Nicatın sımasında bütün Şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunu gördükdə, bu gənc yaşlarında nələrin öhdəsindən gəldiyinin şahidi olduqda heyrət edirsən ki, bu kiçicik ömürə nə boyda şücaət sığarmış…. Şəhidlərimizin o nurlu simalarının altında necə döyüşkən, əzmkar bir ruh gizlənibmiş. 22 illik ömürə, 44 günlük bir dövrə nə böyüklükdə tarix sığarmış. Bəzən 100 il ömür sürüb, amma o 44 günlük tarixin şərafətini yaşaya bilmir insan. Nicat yaşadı bu şərəfli ömrü.

Şəhid Əhmədov Nicat Həsən oğlu 1998-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. İlk təhsilini 2005-ci ildə Nizami rayonu 61 saylı məktəbdə almış, sonra Nizami rayonu Y.Kavalyov adına 229 saylı tam orta məktəbdə davam etdirib, daha sonra 10-11-ci sinifləri 34 saylı Ağdam köçkün məktəbində oxuyub. 2016-cı ildə məktəbi bitirib, 508 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olmuşdu. İxtisasca diplomat idi. İxtisasını sevirdi və öz peşəsi üzrə çalışmaq arzusunda idi. Onun buna böyük potensialı var idi, lakin gələcəyin perspektivli mütəxəssisini tamam başqa bir müqəddəs missiya gözləyirdi.

Nicat təhsil aldığı dövrlərdə biliyi, savadı ilə seçilsə də, o, uşaqlıqdan hərbi sahəyə maraq göstərib. Uşaq yaşlarında ən sevimli oyuncağı silah, avtomat olan Nicat döyüş filmlərini böyük maraqla izləyirdi. Nicatın ailəsi Ağdamdan məcburi köçkün olduğu üçün qəlbində Qarabağ nisgili olan, doğma torpağının həsrəti ilə yaşayan insanların əhatəsində böyüyüb. Bir qədər də bu səbəbdən qəhrəman, şücaətli, vətənpərvər ruhlu gənc idi. Torpaqlarımızı işğaldan azad etmək onun ən böyük arzusu idi.

2016-2020 - ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Nicat 2020-ci ildə ali məktəbi bitirən kimi, iyulun 24-də Ağcəbədi rayonuna hərbi xidmətə yola düşdü. Hərbi xidmətə sevə-sevə yollanmışdı, Vətən qarşısında borcunu yerinə yetirəcəyi üçün sevincli idi. Ən böyük arzusuna qovuşacağı gün də yaxında imiş. Hərbi xidmət üçün yollanan Nicatın qismətində həm də şanlı tariximizə çevrilən Vətən müharibəsinin iştirakçısı olmaq da varmış. 2020-ci il 27 sentyabrda hərbi əməliyyatlar başlayan gündən Nicat Əhmədov da döyüşlərdə iştirak etdi. Müharibə dövründə ailəsinin ondan nigaran qalmamasına çalışırdı, daim valideynlərini əmin edirdi ki, yaxşıdır və qalib gələrək geri qayıdacaq.

Nicat Əhmədovun ailəsi ilə son əlaqəsi 2020-ci il oktyabrın 6-da oldu. Həmin gün yenə ailəsini əmin etdi ki, heç nədən narahat olmasınlar. 2020-ci il oktyabrın 8-də səhər saatlarında Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidlik məqamına yüksələn Nicat həm də özündən sonra gözəl xatirələr qoyib getdi. Nicatı tanıyan hər kəs onu ünsiyyətcil, şən, mehriban, səmimi, dostcanlı biri kimi xarakterizə edir. Gözəl şəxsi keyfiyyətləri sayəsində qazandığı geniş çevrəsi, çoxlu dostları Nicat haqqında xatirələrini bölüşərkən, onun mərd, vətənpərvər olduğunu qeyd edirlər. Nicat Əhmədov ailənin tək oğlan övladı idi. Ailə üzvlərinə qarşı fədakar, yardımsevər, ailəsinin arxa-dayağı, valideynlərinə xeyirli övlad idi.

Ailəsinin, qohumlarının, dostlarının sevimlisi olan Nicat indi bütün xalqımızın fəxr etdiyi, qürur duyduğu qəhrəman Şəhidlərimizdəndir. 22 illik qısa ömür yoluna böyük qəhrəmanlıq səlnaməsini sığdıran Nicatın əziz xatirəsi əbədi olaraq qəlbimizdə və tariximizdə yaşayacaq!

İslam Hədislərinə görə, Şəhidlər Qiyamət günü mükafatlarını alacaq, Cənnətdə dilədikləri yerə gedə biləcəklər və onların haqq-hesab günü başqa müsəlmanlara (öz ailələrinə) şəfaət etmək səlahiyyəti olacaqdır. Hətta Onlar aldıqları böyük mükafata görə təkrar-təkrar dirilib yenidən Şəhid olmağı arzu edirlər. Həzrəti Məhəmməd Peyğəmbər belə buyurmuşdur: "Kim şəhid olmağı ürəkdən diləsə, Allah onu yatağında ölmüş olsa belə, Şəhidlərin mərtəbəsinə qaldırar".

“Allah yolunda öldürülənləri (Şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə Onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur!” - “Qurani-Kərim, “Əli-İmran” Sursi, 169.

22.09.1998 – 08.10.2020. Bu, Nicatın fani həyatdakı cismani ömür yolu idi. Şəhidin əsil ünvanı isə əbədiyyətdir! Məqamın mübarək Şəhidim!

Sevda İlhamqızı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti