...

Ordu quruculuğunda müasir hərbi qanunvericilik bazası yaradılıb - Xanlar Vəliyev

Cəmiyyət Materials 6 Yanvar 2021 17:43 (UTC +04:00)
Ordu quruculuğunda müasir hərbi qanunvericilik bazası yaradılıb - Xanlar Vəliyev

Bakı. Samir Əli - Trend:

Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinin davamlılığını hər zaman diqqət mərkəzində saxlayan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə də müstəsna əhəmiyyətli böyük işlər görülüb.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesini yüksək məharətlə davam etdirən dövlət başçımızın bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində müxtəlif ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnməklə, eləcə də şanlı hərb tariximizə əsaslanmaqla müasir hərbi qanunvericilik bazası yaradılıb, hərbi xidmətə çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilmiş, həmçinin hərbi hissələrdə nizam-intizam və qanunçuluq daha da möhkəmləndirilib:

"Ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatlar və kompleks tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub, şəxsi heyəti peşəkar kadrlarla komplektləşdirilib, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılıb. Nəticədə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyildir ki, “Global Firepoer” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu ötən illərdə olduğu kimi, Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb".

X.Vəliyev qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər edərək hərbi qulluqçularla görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması, hərbçilərimizin qələbə əzmini artıran qətiyyətli çıxışları və düşmənə ünvanlanmış tutarlı ismarıcları şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaradıb: "Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi istiqamətində həyata keçirilən tədbirlər, hərbçilərimizin xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, eləcə də Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1500-dən artıq hərbçiyə mənzillərin verilməsi, bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr etmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Vurğulanmalıdır ki, əsgərlərin məişət işlərindən azad olunması, onların mülki vətəndaşlardan ibarət peşəkar personalın formalaşdırdığı yüksək məişət şəraiti ilə təmin olunmaları, göstərdikləri keyfiyyətli xidmətdən bəhrələnmələri ilə yanaşı, qulluq keçmələrinin səmərəliliyinin artması və nizam-intizamın daha da möhkəmləndirilməsi ilə nəticələnib.

Bütün bunlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə 2016-cı ilin aprel, 2018-ci ilin may və bu ilin iyul ayında, eləcə də 27 sentyabrdan başlayaraq düşmənin törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və vətən savaşındakı tarixi qələbəmizi təmin edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti