...

Ombudsmanın tapşırığı ilə Şəki Qarışıq Tipli Uşaq Evində başçəkmə həyata keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2021 12:50 (UTC +04:00)

Bakı. Trend:

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun üzvləri tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin Şəki Qarışıq Tipli Uşaq Evinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan və müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarının, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin, habelə COVID-19 pandemiyasının yayılmasına qarşı görülən tədbirlərin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataq, dərs və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlarına, tibb otağına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına baxış keçirilib.

Müəssisədə rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, psixoloq və digər əməkdaşlarla, həmçinin uşaqlarla söhbət aparılıb. Burada yaşayan uşaqlar onlarla rəftarla bağlı hər hansı şikayət bildirməyiblər.

Müəssisə rəhbərliyinin bildirdiyinə görə karantin rejimi dövründə istifadə məqsədilə müəssisə Heydər Əliyev Fondu tərəfindən tibbi spirt, maska və əlcəklə təmin edilib.

Eyni zamanda, pandemiya ilə əlaqədar dərslər onlayn formada keçirildiyindən internetin sürətinin zəif olduğu bildirilib və bunun da tədris prosesində çətinliklər yaratdığı müşahidə edilib.

Başçəkmə zamanı müəssisədə həkim-pediatr ştatının uzun müddət vakant olduğu, ştat sayının kifayət etmədiyi müəyyən olunub.

Müəssisədə havalandırma sisteminin daimi işlədilmədiyi də müəyyən edilib ki, müəssisə rəhbərliyi bunu elektrik enerjisi üçün ayrılmış limitin az olması ilə əlaqələndirib.

Yekunda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti