...

Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər

Cəmiyyət Materials 7 Dekabr 2021 16:55 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər

Bakı. Fərid Zöhrabov -Trend:

Avropa İttifaqı Əqli Mülkiyyət İdarəsi (AİƏMİ) tərəfindən 2021-ci ilin 29 noyabr - 01 dekabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində “Alətlər və təcrübələr üzrə texniki seminar” təşkil edilib.

Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, seminarın işinə Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın əqli mülkiyyət sahəsində çalışan mütəxəssisləri cəlb edilmişlər. Ölkəmiz tədbirdə Əqli Mülkiyyət Agentliyinin İnformasiya texnologiyaları və dərc şöbəsinin müdiri Elnur Müslümov və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Anar Hüseynov ilə təmsil olunmuşdur.

Tədbir iştirakçılarının müzakirələrinə Avropa İttifaqının (Aİ) ekspertləri tərəfindən “AİƏMİ-nin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti və nailiyyətləri”, “AİƏMİ-nin əsas fəaliyyət istiqamətləri və Avropa İttifaqı Əqli Mülkiyyət Şəbəkəsi”, “Aİ tərəfindən əqli mülkiyyət sahəsində maliyyələşdirilən layihələr”, “Avropada əqli mülkiyyət hüquqlarının pozulması hallarının müşahidəsi” və digər mövzularda məruzələr təqdim edilmişdir. Həmçinin Avropa İttifaqı Əqli Mülkiyyət Şəbəkəsində əmtəə nişanları və sənaye nümunələri sahəsində istifadə olunan axtarış və təsnifat platformaları, AİƏMİ ilə müxtəlif dövlətlər arasında bağlanmış Anlaşma Memorandumları və bu sahədə təcrübələr barəsində məlumat verilib, fikir mübadiləsi aparılmışdır.

Tədbirin proqramına uyğun olaraq, iştirakçılar ölkələrinin əqli mülkiyyət sahəsinə dair təqdimatlar ediblər. Bu çərçivədə A.Hüseynov Əqli Mülkiyyət Agentliyinin yaranması, fəaliyyəti, strukturu, əldə olunan nailiyyətlər barədə məlumat verib.

O cümlədən, o bildirib ki, açıqlığın və şəffaflığın təmin edilməsi məqsədilə Agentlik tərəfindən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi istifadəyə verilib, bununla sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində “vahid pəncərə” prinsipi tətbiq edilib. A.Hüseynov tədbir iştirakçılarının bu sistemin fəaliyyət prinsipi və mexanizmləri ilə bağlı bir çox suallarını cavablandırıb, onun səmərəliliyinin əldə edilən praktiki nəticələrlə təsdiq olunduğunu qeyd edib.

O, həmçinin son illər Agentliyə daxil olan iddia sənədləri üzrə statistik göstəricilər barədə məlumat verib, onların müqayisəli təhlilini aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti