...

Azərbaycanda 60 yaşdan yuxarı insanların çoxunda katarakta var - Həkim

Cəmiyyət Materials 10 Mart 2022 12:26 (UTC +04:00)
Azərbaycanda 60 yaşdan yuxarı insanların çoxunda katarakta var - Həkim

Bakı. Humay Ağacanova - Trend:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tural Qəlbinur göz xəstəlikləri barəsində danışıb.

Trend müsahibəni təqdim edir.

- Tural müəllim, hansı göz xəstəlikləri irsidir?

- Digər xəstəliklər kimi göz xəstəliklərində də irsiyyətin rolu böyükdür. El arasında "Toyuq korluğu", tibbdə isə hemeralopiya (gecə görmə qabiliyyətinin azalması) xəstəliyi də irsən ötürülür. Təəssüf ki, bir çox genetik xəstəliklərdə olduğu kimi bu xəstəliyin tam müalicəsi yoxdur, sadəcə dəstək verici müalicəsi mövcuddur. Miopiya, hipermetropiya və digər refraktiv görmə qüsurlarında da irsiyyətin rolu danılmazdır. Həmçinin keratokonus xəstəliyi təqribən 25 faiz hallarda genetik yolla valideynlərdəm uşaqlara keçir.

- Katarakt xəstəliyi barədə məlumat verərdiniz.

- Katarakta, el arasında mirvari suyu adı ilə bilinir və gözün şəffaf büllurun bulanması ilə görmə qabiliyətini azaldan xəstəlikdir. Katarakta anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə katarakta dölün ana bəthində inkişafı zamanı, embriogenez zamanı yaranan patologiyalarla əlaqəlidir. Qazanılma katarakta isə yaşa bağlı olaraq və tramva nəticəsində yaranan kataraktalar aiddir. Katarakta yarandıqda xəstələr dumanlı görmədən, sanki çirkli pəncərədən baxırmış kimi fikirlərini ifadə edirlər.

- Anadangəlmə korluq nədir?

- Anadangəlmə korluq - görmə orqanın bətndaxili inkişaf patologiyasıdır.Təəssüf ki, bir çox hallarda müalicəyə tabe olmur. Əsas səbəb olaraq ananın hamiləlik dövründə keçirdiyi bir sıra infeksion xəstəliklər, travmalar və genetik xəstəliklər aiddir. Bu zaman embriogenez pozulur, nəticədə görmə orqanı inkişafı tam və ya düzgün getmir.

- Gözlərin ümumi müayinəsini hansı tezliklə aparmaq lazımdır?

- Valideynlərində və ya ailədə irsi göz xəstəlikləri ilə bağlı problemləri olmayanlar hər iki ildən bir oftalmoloq müayinəsindən keçməlidirlər. Lakin irsi göz xəstəlikləri olanlar ildə ən azı iki dəfə oftalmoloji muayinədən olunmalıdırlar. Bu vacib müayinələr sırasına gözdaxili təzyiqin ölçülməsi və göz dibinin müayinəsi aiddir.

- Gözü zəiflədən əsas vasitələr hansılardır?

- Əgər görmə qabiliyyəti artıq pisləşibsə, o zaman məşhur inancın əksinə olaraq, bunun niyə baş verdiyini düşünmək hələ də gec deyil. Görmə qabiliyyəti həyat boyu pisləşə bilər və bu prosesi ən azı bir az dayandırmaq üçün səbəbin nə olduğunu başa düşməlisiniz.

Kompyuter və elektron qurğuların fasiləsiz istifadəsi gözlərin qurumasına və yorulmasına gətirib çıxara bilər. Onurğa problemləri də görmə zəifliyinə səbəb ola bilər.

Onurğa sütunu xəstəlikləri nəticəsində başın və gözün qan dövranı pozulur və nəticədə görmə pozğunluğu yaranır. Kompüter arxasında oturarkən duruşunuza nəzarət edin, onurğa üçün fiziki məşqlər edin.

Yuxusuzluq və stress şiddətli yorğunluğa gətirib çıxarır, nəticədə görmə zəifləməyə başlayır. Sağlamlığınızın qeydinə qalın, yaxşı istirahət edin və gözlərinizi rahatlaşdırmaq üçün xüsusi məşqlər edin.

Siqaret çəkmək, alkoqol qan dövranının pozulmasına kömək edir, bu da gec-tez görmə pozğunluğuna səbəb olacaqdır. Buna görə də bu vərdişlərdən necə qurtulacağınızı düşünməyə dəyər.

- Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin statistikası necədir?

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan yaxın və uzağa görmə problemi yaşayır. Onların 1 milyarddan çoxu profilaktika və ya müalicə edilməməsinin nəticəsidir. Buna misal olaraq miopiya, qlaukoma, sarı ləkə xəstəliyi, katarakta və bir çox xəstəlikləri aiddir. Hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların 70%-dan çoxunda başlanğıc katarakta mövcuddur.

- Bildiyiniz kimi, 6-12 mart - Ümumdünya Qlaukoma ilə Mübarizə Həftəsidir. Qlaukoma nədən yaranır və müalicəsi gecikərsə hansı fəsadları olar?

- Qlaukoma göz təzyiqinin qalxması və tədricən görmə sinirinin atrofiyası ilə xarakterizə olunur. Qlaukoma xəstəliyinin erkən mərhələsində xəstələrdə heç bir şikayət olmur. Xəstəlik irəlilədikcə görmə sinirinin atrofiyası yaranır. Xəstələrdə getdikcə görmə azalır və görmə sahəsində daralma meydana çıxır. Hazırda oftalmologiyada qlaukoma zamanı korluğun qarşısını almaq üçün yalnız bir dənə yol məlumdur, o da vaxtında aşkarlanması və düzgün müalicəsi .

Qlaukomanın müalicəsi dərman, lazer və cərrahi üsulla aparılır.

- Əhali arasında hansı göz xəstəliyi daha geniş yayılıb?

- 5-30 yaş arası fərdlərdə daha çox miopiya (yaxından görmə və hipermetropiya (uzaqdan görmə) geniş yayılıb. Eynək və kontakt linzalar miopiyanın ən geniş yayılmış müalicə üsuludur. Bu üsullar miopiyanın dərəcəsini azaltmır, lakin görməni yaxşılaşdırır. Bunlardan imtina edənlərə lazer korreksiyası təklif edilir.

40 yaşdan yuxarı olan şəxslərdə daha çox katarakta və diabetik retinopatiya daha geniş yayılıb. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir.

60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula degenerasiyası) daha geniş yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti