...

Bu gün növbəti buraxılış imtahanı keçirilib

Cəmiyyət Materials 23 Aprel 2022 14:43 (UTC +04:00)
Bu gün növbəti buraxılış imtahanı keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

23 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və Sumqayıt (II hissə) şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1611 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 2005 nəzarətçi-müəllim, 198 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 96 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 21337 şagirdin iştirakı gözlənilirdi. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

30 aprel və 1 mayda keçiriləcək imtahanlarda iştirak edən şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti