Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub.
Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.
Prezident İlham Əliyev yeni parkdan paytaxtın mənzərəsini seyr etdi.
Yeni açılan parkla bağlı vətəndaşlar fikirlərini Trend Tv-yə bölüşüblər.
Paytaxt sakini Mirzəyeva Nigar deyir ki, yeni salınmış “Çəmbərəkənd” parkının açılması onu çox sevindirir: "Böyüklərin və uşaqların istirahət etməsi, əylənməsi üçün hər cür şərait yaradılıb. Bu gün açılışdan sonra övladımı da götürüb parka istirahət etməyə gəldim. Butün əməyi keçənlərə öz dərin təşəkkürümü bildirirəm".
Digər sakin Şirinov Vüsal isə sevincinin həddi-hüdudunun olmadığını ifadə edərək "bu park Bakıda salınan qeyri-adi parklardan biridir" dedi: "Həmişə fikirləşirdim ki, yaxınlıqda park olardı, gedib istirahət edərdim. Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, hər zaman vətəndaşların rifahını düşünür", - deyə o qeyd edib.
Paytaxt sakini Qarayeva Dilbər isə deyir ki, burada parkın salınması çox yaxşı oldu: "Başda cənab Prezident İlham Əliyev olmaqla bütün əziyyəti keçənlərə təşəkkür edirəm".
Foto: Zaur Mustafayev
Video: Seymur İsmayılov