...

Bakıda xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 28 İyul 2022 14:04 (UTC +04:00)
Bakıda xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” öz işinə başlayıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə "ASAP Forum 2022"-nin Bakıda Gülüstan sarayında açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Forum çərçivəsində 23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300-dən çox gənc bir araya gəlib.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, forumda iştirak edən tələbə və məzunlar artıq xaricdə qalib ölkənin vətəndaşı, hüququ bərpa olunmuş şəxs kimi yaşayır.

"Biz artıq qailb ölkənin vətəndaşlarıyıq. Ali Baş Komandanın iradəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad etdi. Bu hadisənin xaricdə yaşayan tələbələrimizə əlavə stimul verəcəyindən əminəm.
Vətən müharibəsi dövründə xaricdə yaşayan və təhsil alan tələbələrimiz informasiya müharibəsində erməni yalanlarına tutarlı cavablar verirdi. Xaricdə təhsil alan tələbələrimiz orada təhsillə yanaşı, həm də Azərbaycanın dövlət maraqlarının müdafiəsini həyata keçirirdi. Bu, hər bir vətəndaşımızın borcudur", - F.Cəfərov deyib.

O bildirib ki, növbəti 3-4 günü ərzində xaricdə təhsil alan 300-dən çox tələbə və məzunlar bu Forumdan yararlanacaq: "Onlar bir çox dövlət qurumları və ictimai xadimlərlə müzakirələr aparacaqlar. Əminəm ki, bu müzakirələr həm dövlətimiz, həm də ASAP-ın özünün inkişafı üçün, eyni zamanda, fərqli sahələrdə maraqlı təşəbbüs və layihələrin ərsəyə gəlməsində əsas olacaqdır. Həmçinin, Form çərçivəsində fərqli təhsil pillələri və ixtisas sahələri üzrə tamamilə müxtəlif regionlarda təhsil alan tələbələrin bir araya toplaşması, həm də gənclərin sosiallaşması, fərdi inkişafı və ən vacibi, Azərbaycanın maraqlarının ölkə hüdudlarından kənarda daha da yüksək səviyyədə təşviq olunmasına təkan verəcəkdir".

Fərid Cəfərovun sözlərinə görə, dövlət başçısı tərəfindən müəyyən olunmuş gənclər siyasətinin əsas qayəsi hər bir gəncin təhsilli, savadlı, vətənpərvər və sağlam yetişməsidir: "İstinasız deyə bilərik ki, bir çox normativ hüquqi sənədlərdə bununla bağlı müddəalar öz əksini tapıb. Təbii ki, burada təhsil elementi hər bir ölkənin intellektual potensialının inkişafı baxımından xüsusi önəm daşıyır.

Beynəlxalq təcrübənin öyrənilməsi və gələcəkdə tətbiq olunması yüksəkixtisaslı mütəxəssislər üçün ən əsas amillərdən biridir. Bu məqsədlə də dövlət tərəfindən gənclərin xaricdə həm təhsili, həm də təcrübəsi ilə bağlı bir çox proqramlar həyata keçirilir.

Təmsil etdiyim Gənclər Fondu beynəlxalq sferada bir sıra proqramlarla gənclərin beynəlxalq təcrübəsinin və təhsilinin artırılmasına dəstək verməyə davam edir. Bu gün zalda bu proqramlardan yararlanan gəncləri görmək ikiqat sevindiricidir.
Gənclər Fondu olaraq növbəti illərdə də, xüsusilə, beynəlxalq təşkilatlarda təcrübə proqramlarını və xaricdə gənclərimizin ixtisaslı kurslarda təlim proqramlarını davam etdirmək niyyətindəyik".

Təhsil nazirinin müavini Muxtar Məmmədov bildirib ki, xaricdə təhsil alacaq və ya artıq təhsilini başa vuran tələbələr ölkəmizə qayıtdıqdan sonra təhsil prosesində iştirak etməlidir: "Ümid edirəm ki, növbəti məzunlar arasında da bizim bu ideyamızı dəstəkləyəcək tələbələrimiz olacaq. Hazırda Azərbaycanda 4 cür ikili dövlət proqramı mövcuddur. Bundan başqa, bir çox ali təhsil müəssisələrində ikili diplomla bağlı layihələrin idarə edilməsində elə xaricdə təhsil almış azərbaycanlı gənclərimiz iştirak edir. Belə geridönüşlər arzuolunandır".

Qeyd edək ki, 28-31 iyul tarixlərini əhatə edəcək Forumun keçirilməsində əsas məqsəd gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həllər təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir. Forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti