Bakı. Trend:
Yeni dərs ilinin başlanması münasibəti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məktəbli dostlarına əyləncəli, hədiyyəli və intellektual müsabiqə təşkil edəcək.
Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər.
Layihənin icrasında əsas məqsəd məktəbliləri yeni tədris ilinə, təhsilə həvəsləndirmək, onlarda muzeylərə, tarixi məkanlara maraq yaratmaqdır.
Bilik gününə həsr olunmuş “Məktəbə qayıdış” layihəsi 10-17 sentyabr tarixlərində İçərişəhər ərazisində yerləşən Şirvanşahlar Saray Kompleksində və Qala Qoruğu ərazisində şərti sinif otaqlarında baş tutacaq.
Layihənin hədəf qrupları 3 yaş qrupunda (7-10, 10-13, 13-15) olan məktəblilərdir. Yarışmanın şərtlərinə görə, iştirakçılar öncə muzeylə yaxından tanış olurlar, məlumatlanırlar, daha sonra test imtahanı verərək biliklərini yoxlayırlar. Bütün iştirakçılara Bakı Kitab Mərkəzindən və Antaris QSC-dən həvəsləndirici hədiyyələr, qaliblərə isə hədiyyə və diplomlar təqdim olunacaq.
19 sentyabr tarixində baş tutacaq mükafatlandrma mərasiminə məktəblilərin valideynləri də dəvət olunacaq.