...

Boy artımı neçə yaşa qədər davam edir?

Cəmiyyət Materials 30 Sentyabr 2022 11:20 (UTC +04:00)
Boy artımı neçə yaşa qədər davam edir?

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qızlarda boy artımı əsasən 16 yaş, oğlanlarda isə 18 yaşa qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edə bilər. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Trend Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti uşaq endokrinoloqu Azad Əkbərzadənin müsahibəsini təqdim edir.

- Azad müəllim, uşaqlarda boy artımı necə baş verir və bu prosesə nələr təsir göstərir?

- Boyun uzanması uşaq və yeniyetməlik dövrünün problemidir. Sümüklərimizdə yerləşən və “böyümə zonaları” adını verdiyimiz qığırdaq toxumasındakı hüceyrələrin müxtəlif amillərin təsiri ilə (xüsusilə boy hormonu, qalxanvari vəzi hormonları və cinsiyyət hormonlarının) bölünüb çoxalması nəticəsində uzununa böyümə baş verir. Təbii ki, genetik xüsusiyyətlər, qidalanma, sosial-ekonomik status, ətraf mühit və digər amillər də boyun uzanmasına təsir göstərir. Yaş ötdükcə böyümə zonaları tədricən sümükləşir və cinsi inkişaf dövrünün sonunda tamamilə bağlanır.

- Uşaqların yaşına görə boy və çəkiləri necə olmalıdır?

- Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır. Bu nisbəti müəyyən etmək üçün qəbulolunmuş normativ cədvəllər mövcuddur. Pediatr müayinəsində bu cədvələ əsasən inkişaf xətti izlənir. Belə cədvəllər aşkar patologiyaları müəyyən etməyə imkan verir, daha dəqiq təhlil üçün həkim xüsusi düsturlardan istifadə edərək əlavə göstəriciləri hesablayır.

- Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir?

- Uşaq orqanizmi fizioloji xüsusiyyət etibarı ilə böyüməyə proqramlaşıb. Buna görə də deyə bilərik ki, boyun uzanmasına müsbət təsir edən amillərin çatışmazlığı elə özü əsas mənfi təsirdir. Hormonal, qastroenteroloji, revmatizmal, infeksion və digər xroniki xəstəliklər, həmçinin zəngin qidaların kifayət qədər qəbul edilməməsi uşağın boyunun uzanmasına mənfi təsir göstərir.

- Qidalanma və idmanın boy uzanmasına təsiri nədir?

- Şübhəsiz, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir. Bir tərəfdən həddindən artıq şirniyyat yemək qida rasionunda digər zəruri qidaların yerini tutduğu üçün inkişaf problemləri əmələ gətirə bilər. Digər tərəfdən, tərkibində qeyri-sağlam doymuş yağlar olan qidalar (məsələn, "fast food") uşaqlarda piylənmə kimi xəstəliklərin yaranmasına səbəb olur.

Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir.

Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir. Basketbol, voleybol, tennis, badminton kimi idman növləri ilə məşğul olan uşaqların boyu yaşıdlarına görə bir neçə santimetr artıq olur. Amma bu idmanlardan boy uzatma baxımından fantastik nəticə gözləmək düzgün deyil.

Əgər uşağın boyu həmyaşıdlarından geri qalırsa, o zaman pediatr və uşaq endokrinoloqu ilə əlaqə saxlamaq lazımdır. Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilər.

Eyni zamanda, professional idmanla məşğul olan uşağın düzgün dietoloq konsultasiyası alması məsləhətdir. Əks təqdirdə bu şəkildə kontrolsuz professional idman boya mənfi təsir göstərə bilər.

- Bəs düzgün yuxu rejiminin boya təsiri varmı?

- Qeyd edim ki, böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu əsasən gecə saat 22:00-02:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalır. Xüsusilə, mobil telefon, planşet, televizor ilə çox vaxt keçirənlər daha çox oyaq qalmalı olurlar, bu da onların sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər. Bu o demək deyil ki, hər vaxtında yatan uşaq uzun boylu olacaq. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər.

- Boy artımı neçə yaşa qədər davam edir?

- Qızlarda boy artımı əsasən 16 yaş, oğlanlarda isə 18 yaşa qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edə bilər. Amma bu zaman da altda yatan patoloji səbəb araşdırılmalıdır.

Hər yaş dövründə uşaqların böyümə sürəti müxtəlif olur. Uşaqlar həyatın ilk ilində orta hesabla 25 sm, ikinci ilində 10-12 sm, 2-5 yaş arasında 7 sm, 5 yaşdan cinsi inkişaf dövrünə qədər 5-6 sm, cinsi inkişaf dövründəki boy sıçraması isə ildə 8-10 sm olur. Məhz bu son boy sıçramasını etdikdən sonra sümüklərimizdə yerləşən böyümə zonaları öz sümükləşməsinin 98-99 %-ni başa çatdırır.

- Bəzi uşaqların boyu sonradan uzanır...

- Bəli, uzun müddət yaşıdlarından geri qalan uşaqlar qrupu var. Amma məktəbin son siniflərində boyları sürətlə uzanır və gəlib yaşıdlarına çatırlar, hətta onları keçirlər. Elə buna görə də, valideynlər bəzən qısaboylu uşaqlarını bu ümidlə həkimə gətirməkdə səhlənkarlıq edirlər. Artıq böyümə zonaları tamamilə bağlandıqda, boyun heç uzanmadığını hiss etdikləri zaman həkimə müraciət edirlər ki, o zaman da bir şey etmək mümkün olmur.

Qeyd edim ki, boyları sonradan uzanan uşaqlar həkim tərəfindən müəyyən edilməlidir. Əgər uşaqlarda boy qısalığı varsa, yaşıdlarından geri qaldığı hiss olunursa, bu təqdirdə həkim müayinəsində olmalı və vaxtında müdaxilə edilməlidir.

- Boy qısalığı baxımından daha hansı məqamlara diqqət edilməlidir?

- Bəzi xüsusi hallar da var ki, valideynlər diqqətli olsalar yaxşı olar. Məsələn, doğum həftəsinə görə az çəki ilə doğulmuş körpələrin inkişafı mütləq pediatr tərəfindən yaxın izlənilməlidir. Belə ki, bu uşaqların bütün hormonları normal olmasına baxmayaraq, boyları yaşıdlarından geri qala bilir. Az çəki ilə doğulan uşaqlar 2 yaşa qədər yaşıdlarına çata bilməlidirlər. Əgər boyları hələ də normativ cədvəlin minimum həddinə çatmırsa, o zaman uşaq endokrinoloqu tərəfindən müayinə olunmalıdılar.

Bundan başqa, vaxtından erkən cinsi inkişafın başlaması da boy üçün riskli vəziyyətdir. Bu zaman cinsiyyət hormonlarının vaxtından erkən artması səbəbi ilə böyümə zonalarında sümükləşmə sürətlənir. Boy uzanması prosesin əvvəlində sürətləndiyi halda qığırdaqların erkən bağlanması nəticəsində yaşıdlarından əvvəl dayanır. Yəni, 10-11 yaşa qədər çox sürətlə uzanan və yaşıdları arasında ən uzun olan uşağın boyu anidən dayanır. Nəticədə uşağın boyu qısa olur.

Yuxarıda sadaladığımız hallardan başqa piylənmə, sümük problemləri, nevroloji inkişaf geriliyi, əqli inkişaf geriliyi, kobud və incə səs, həzm problemləri boyun qısa olmasına səbəb ola bilər. Belə vəziyyətlərdə çox ciddi bir sistemik xəstəliyi nəzərdən qaçırmamaq üçün mütləq uşaq endokrinoloqu tərəfindən hərtərəfli müayinə aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti