Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının damar-cərrahı, t.ü.f.d., Dr.Səbuhi Dadaşov “Həkim məsləhəti” rubrikasında “Beyinə qan çatmadıqda hansı əməliyyat aparılır” sualını cavablandırıb.
Beyinə qan çatmadıqda Mərkəzi Gömrük Hospitalında karotid Endarterektomiya əməliyyatını icra edirik. Əməliyyat daxili yuxu arteriyasının normal funksionallığını bərpa etmək məqsədi daşıyır. Yuxu arteriyasında yağ, kalsium, xolesterin şəklində aterosklerotik təbəqələr əmələ gəlir. Onlar qan damarlarının mənfəzini daraltmaqla beyində qan dövranını pozur, bu da insultla nəticələnir.
Karotid endarterektomiya əməliyyatı zamanı boyun nahiyəsində kiçik kəsiklə yuxu arteriyalarına giriş həyata keçirilir, sonra beyin qan dövranının kompensasiya dərəcəsi yoxlanılır, damar kəsilərək darlıq yaradan aterosklerotik plak (yığıntı) təmizlənir və damarın mənfəzi açılaraq beynin qan təchizatı normallaşır.
Qeyd edək ki, Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində davam etdirərək həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışıb. O, 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir.
Həkim-cərrah 2012-ci ildə “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Dr.Səbuhi Dadaşov Mərkəzi Gömrük Hospitalında arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsini həyata keçirir. Onun etdiyi əməliyyatlar sırasına abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama, periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması, karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya daxildir.