...

Avropa Azərbaycan Məktəbində 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olundu (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2023 15:30 (UTC +04:00)
Avropa Azərbaycan Məktəbində 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olundu (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

1990 -cı il Yanvarın 19-dan 20-nə keçən gecə XXI Qızıl Ordunun dinc Azərbaycan əhalisinə qarşı törətdiyi qətliamdan 33 il ötür.

Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi və ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsidən ehtiyat edən Sovet İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana qarşı sərt addımlar atmaq üçün şərait yarandı.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya və qonşu rayonlara yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu.

Bu tarix xalqımızın müstəqillik və azadlıq haqqını tələb edərək əsarət boyunduruğunu qırmaq istəyinin ilk müjdəçisi olmuşdur.

20 Yanvar Azərbaycan tarixində yalnız hüzn günü deyil, həmçinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin müstəqillik arzusunun dirçəldiyi əlamətdar gündür. Böyük şairimiz Bəxtiyar Vahabzadə şəhidlərin öz canı, qanı ilə torpağa qarışaraq böyük bir millətin uzun illər həsrətində olduğu azadlıq toxumu əkməsini necə də mənalı ifadə etmişdir:

İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə

Azadlıq tumunu əkdi Şəhidlər.

Qan yaddaşımızın 33 -cü ildönümü Avropa Azərbaycan Məktəbinin hər iki korpusunda qeyd edildi.

Avropa Azərbaycan Məktəbinin rəhbər, müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət etdi, şəhidlərimizin məzarı üstünə gül dəstələri düzdü və “Əbədi Məşəl” abidəsi önünə əklik qoyaraq şəhidlərimizin əziz ruhu qarşısında ehtiram nümayiş etdirdilər.

İbtidai təhsil binasında şəhidlərimizin həmişəyaşar xatirəsinə ithaf olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Müəllimlər şagirdlər ilə 20 Yanvar tarixinin məğzi və mahiyyətini izah edən maarfiləndirici söhbətlər apardılar və təqdimatlar nümayiş etdirdilər.

Şagirdlər 20 Yanvar faciəsi fonunda xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni əks etdirən rəsm nümunələri ərsəyə gətirdilər.

Azyaşlılar tarixmizin azadlıq, istiqlal və qəhrəmanlıq səhifələrini işıqlandıran və şəhidlərimizin qəhrəmanlığını, şücaətini ifadə edən şeirlər səsləndirdilər.

Orta təhsil korpusunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və vətən younda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək bu günün mahiyyəti haqqında fikirlərini bölüşdü və azadlıq, müstəqillik yolunun çətin və şərəfli olmasından bəhs edərək gənclərə bu dəyəri həmişə uca tutmalarını tövsiyyə etdi.

Şagirdlər tariximizin azadlıq və istiqlal uğrunda mübarizəsindən, tariximizin qəhrəmanlıq səhifələrindən və şəhidlərimizin şücaət, rəşadət və qəhrəmanlığından bəhs edən şeir, səhnəcik və təqdimatlar nümayiş etdirdilər.

Bu qanlı tarixin həmişəyaşar şəhidlərinə Uca Allahdan rəhmət diləyirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti