...

Dr.Emin Hacıbalayev: “Nikotindən asılılıq insan orqanizmi üçün ciddi təhlükədir”

Cəmiyyət Materials 8 Fevral 2023 14:19 (UTC +04:00)
Dr.Emin Hacıbalayev: “Nikotindən asılılıq insan orqanizmi üçün ciddi təhlükədir”

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret çəkmə hər il 7 milyon insanın ölümünə səbəb olur. Ağciyər, bronxlar, nəfəs borusu xərçəngindən baş verən ölümlərin 85%-nin, ürək-damar xəstəliklərindən baş verən ölümlərin 16%-nin, vərəmdən ölənlərin 26%-nin, aşağı tənəffüs yolları infeksiyalarını səbəbindən ölənlərin 24%-nin səbəbi siqaretdir.

Siqaretin zərərləri barədə suallarımızı Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Hacıbalayevə ünvanladıq.

-Emin həkim, siqaretdən istifadə insanların hansı orqanlarına daha çox təsir edir və hansı xəstəliklərə səbəb olur?

-Müasir dövrdə siqaret çəkmə əhalinin müxtəlif qrupları, o cümlədən qadınlar, gənclər, habelə uşaqlar arasında geniş yayılmış pis vərdişə çevrilib. Nikotindən asılılıq insan orqanizmi üçün ciddi təhlükə yaradır.

Siqaret ürəyə və qan damarlarına böyük ziyan vurur. Bir ədəd siqaretdən sonra qan təzyiqi yüksəlir, qan laxtalanması və damarların tıxanması riski artır. Tütündən istifadə edən insanın nəbzi siqaret çəkməyəndən 15 000 ürək döyüntüsü artıq olur. Belə ki, onun ürəyinə düşən yük normadan təxminən 20% çoxdur. Damarların daralması toxumalarda oksigen açlığına - hipoksiyaya səbəb olur.

Siqaret çəkənlərin qanında katexolaminlərin yüksəlməsi, lipidlərin cəmləşməsinə və xəstədə aterosklerozun, hipertoniyanın inkişafına kömək edir.

-Son vaxtlar elektron siqaretlərdən istifadə olunur. Belə bir təsəvvür formalaşmışdır ki, elektron siqaret zərərsizdir və siqareti əvəz etməklə, heç bir ziyanı yoxdur. Bu, həqiqətən belədirmi?

-Elektron siqaret istehsalçıları məhsullarının orqanizm üçün tamamilə təhlükəsiz olduğunu iddia edirlər. Amma əslində elektron siqaretlər də adi siqaretlərlə eyni riski yaradır.

Elektron siqaretlərdə təbii nikotini kimyəvi nikotin əvəz edib və bu, orqanizm üçün daha böyük təhlükədir. Tədqiqatlar göstərir ki, aerozolun tərkibində nikotin, qliserin, dadverici komponentlər, propilen qlikol, asetaldehid, formaldehid və digər kanserogen (bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan) maddələr var.

Kimyəvi əvəzedicilərə nikotin sulfat daxildir. Əvvəllər kənd təsərrüfatı zərərvericilərini öldürmək və bitki xəstəliklərinə qarşı mübarizə aparmaq üçün pestisid kimi istifadə olunurdu, lakin artan toksiklik səbəbindən sonradan qadağan edildi.

Belə bir sual yaranır: tərkibində nikotin yoxdursa, siqaret niyə insan sağlamlığına zərərlidir? Aerozolun tərkibindəki maddələr ağciyərlərə nüfuz edir və onları hüceyrə səviyyəsində zədələyir. Nəticədə pnevmoniya, astma və ürək-damar çatışmazlığının inkişafına səbəb olur.

-Passiv siqaret çəkmə də insan orqanizminə ziyandır?

-Hazırda siqaret çəkməyən insanlar da bəzi hallarda tütün tüstüsünü məcburən udmağa məruz qalır. Buna passiv siqaret çəkmə deyirlər. Yəni, siqaret çəkməyən insanlar siqaret tüstüsünü udur və bu onların orqanizminə mənfi təsir göstərir. Siqaret çəkənlər ətraf mühiti çirkləndirir.

Passiv siqaret çəkmə aktiv siqaret çəkmədən daha zərərlidir, çünki siqaret çəkən şəxs tüstünün filtrdən keçən hissələrini qəbul edir. Üstəlik, bu hissə tüstünün cəmi 35-40%-ni təşkil edir, yerdə qalan 60-65%-i isə siqaretin özünün yanması zamanı əmələ gəlir və ətrafdakı insanlar tərəfindən udulur. Siqaret çəkənlər tərəfindən buraxılan dumanlı axının bir hissəsi və tüstülənən siqaret tüstüsünün bir hissəsi onun ağciyərlərinə daxil olur. Eyni zamanda, o, aktiv siqaret çəkən insanın şüurlu şəkildə "qəbul etdiyi" bütün zəhərli maddələrin 60% -ni qəbul edir. Tütün tüstüsü 4000-dən çox maddənin son dərəcə zərərli qarışığıdır. Onların bəziləri selikli qişaları qıcıqlandırır, orqanizmə toksik təsir göstərir, digər hissəsi isə kanserogenlər, yəni bədxassəli şişlərin inkişafına səbəb olan maddələrdir.

-Siqaretə öyrəşmiş insanlar onu tərgitməkdə çətinlik çəkir. Onlara nə məsləhət verərdiniz?

-Düzdür, siqareti tərgitmək çətindir. İnsanlar siqaretin onların orqanizminə ciddi təsiri haqqında müntəzəm surətdə məlumatlandırılır, lakin yenə də bu zərərli vərdişdən əl çəkə bilmirlər. Tövsiyə edirəm, bu pis vərdişdən bir dəfəyə əl çəksinlər, istək yarandığı halda açıq havada gəzsinlər, asudə vaxtlarını maraqlı işlərlə məşğul olsunlar. Həyat qısadır, onu daha da qısaltmasınlar, əksinə, mənalı və maraqlı etməyə çalışsınlar, sağlam və gümrah yaşasınlar.

-Emin həkim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti