Bakı. Trend:
2023-cü il martın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyıqırmı Gününə həsr olunmuş “XX əsrin əvvəllərində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım faciəsi unudulmamalıdır” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin Təhsil fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlarının iştirakı ilə keçirilən tədbirdə, əvvəlcə, soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masaya moderatorluq edən MDU-nun Humanitar fənlər
kafedrasının müdiri, dosent Esmira Cəfərova bildirib ki, tədbir
soyqırımı həqiqətləri barədə gənclərin maarifləndirilməsi məqsədi
daşıyır. Ötən əsrin əvvəllərində mənfur ermənilər tərəfindən
xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələrinin tarixinə
diqqəti çəkən E.Cəfərova dəyirmi masada qanlı faciə ilə bağlı
müzakirə ediləcək mövzuları nəzərə çatdırıb.
Sonra çıxış və müzakirələrlə davam edən tədbirdə ermənilərin
türk-müsəlman əhaliyə qarşı düşmənçilik siyasətinin tarixi kökləri,
mart soyqırımının səbəbləri, ölkəmizin müxtəlif bölgələrində
törədilmiş kütləvi qətliamların faciəvi nəticələri, milli qırğına
siyasi və hüquqi qiymətin verilməsi məsələləri barədə danışılıb və
soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs
edilib.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin
keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında
müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə
mühüm əhəmiyyət verilir.