...

Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurulma işlərinin 53%-i tamamlanıb

Cəmiyyət Materials 14 İyun 2023 15:13 (UTC +04:00)
Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurulma işlərinin 53%-i tamamlanıb

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli tərkib hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurulma işlərinin 53%-i uğurla tamamlanıb

Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur.

Trend xəbər verir ki,Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km təşkil edir.

İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir.

Ümumilikdə, yenidənqurma işlərinin 53 faizi artıq tamamlanıb. Bu günədək yolun 200 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, 174 km dəmir yolu ilkin hərəkətə açılıb, 95 körpü, 225 dairəvi suötürücü boru, 13 ədəd heyvan keçidi və 7 ədəd yerüstü piyada keçidi inşa edilib.

Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunur.

Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinin azalmasına, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək. Belə ki, dəmir yolu xəttinin bərpası zamanı uzunölçülü relslərdən istifadə edilməsi keyfiyyətli və sürətli yükdaşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.

Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti