...

Xətai rayonunda “14 iyul 1969-cu il: Zirvəyə yüksəlişin başlanğıc tarixi” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 İyul 2023 13:57 (UTC +04:00)

Bakı. Trend:

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Zirvəyə yüksəlişin başlanğıc tarixi” mövzusunda tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi ölkəmizin xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi məhz o dövrdən başlanmışdı.

Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət Heydər Əliyev məhz o illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycan dilinin dövlət dili statusu qazanması və sair kimi biri-birindən mühüm addımlar Ümummilli Liderin respublikamızın gələcəyi ilə bağlı təsəvvürlərinin aydın mənzərəsini təqdim etdi.

Vüqar Rəhimzadə qeyd etdi ki, “Heydər Əliyev İli” Ulu Öndərin hakimiyyətinin hər iki dövrünün, Azərbaycanın bu günü üçün gördüyü işlərin geniş təhlilinə imkanlar yaradır. Həmin illərdə görülən işlər bu reallığa da işıq saldı ki, müstəqilliyi əldə etmək üçün möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya çevrildi. 14 iyul 1969-cu il Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi kimi dəyərləndirilir. O illərdə yaradılan möhkəm baza Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın daha da inkişaf etdirilməsində möhkəm baza rolunu oynadı. Növbəti dəfə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəlilədi və bugünkü qalib Azərbaycan zirvəsinə yüksəldi. Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi “Mən ona özüm qədər inanıram” əminliyini atdığı addımları ilə doğrultdu, Onun axıra çatdıra bilmədiyi işləri uğurlu sona çatdırdı.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov 1969-1982-ci illərdə gələcək müstəqil dövlətçiliyimiz üçün xüsusi əhəmiyyət kəsb edən kadr hazırlığından danışdı. Bildirdi ki, həmin illər Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atmışdı. Minlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi dahi liderin ölkəmizin müstəqil gələcəyinə yönələn addımlarından idi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Həmçinin hərbi kadrların yetişdirilməsi məsələsi də əsas prioritetlər sırasında idi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını xüsusi qeyd etməliyik. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. Ümummilli Liderimizin ötən əsrin 70-ci illərində başladığı hərbi quruculuq prosesi 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayır.

Vaqif Abbasov dahi şəxsiyyətin həmişə azərbaycanlı olması ilə fəxr etdiyini, bunu atdığı hər bir addımında təsdiqlədiyini xüsusi qeyd etdi. Ümummilli Liderin Azərbaycanın tanıdılması, imzasının imzalar arasında görünməsi istiqamətində gördüyü işləri əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlar zamana sığmır. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Akademik son 20 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini önə çəkərək diqqəti dövlət başçısının 8 iyul 2023-cü il tarixli “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında Sərəncamına yönəltdi. Bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasi lider və dövlət xadimi Heydər Əliyevin beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının layiqli mövqe qazanmasında müstəsna rolunu nəzərə alaraq, ali təhsil müəssisələrində əcnəbilərin təhsilinə dəstək vermək məqsədilə imzalanan bu sənədin uğurlu icrası ölkəmizin təqdimatında öz sözünü deyəcək. Vaqif Abbasov bu çağırışı etdi ki, Azərbaycanın uğurlarının davamlılığına hər birimiz öz töhfəmizi verməliyik.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Bugünkü Azərbaycan məhz 1969-1982-ci illərdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, ölkəmiz ən böyük hədəflərə doğru uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. İlk hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanın iqtisadi inkişafı möcüzədir.

Etibar Əhmədov bu fikri xüsusi qeyd etdi ki, Ümummilli Lider Azərbaycanı dünyada tanıtdı. Onun hakimiyyətinin hər iki dövrünə nəzər salsaq atdığı addımların əsasında Azərbaycanın ən yüksək zirvələri fəth etməsinin dayandığını göstərir. Ümummilli Lider nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət şah əsəri olan müasir müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etdi. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini, YAP Xətai rayon təşkilatı “Zığ yolu-4” ərazi partiya təşkilatının sədri Cəmaləddin Quliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanın bu günü üçün möhkəm təməl yaratmasından geniş bəhs etdi. O, həmin illərdə dahi şəxsiyyətin təşəbbüsü ilə keçmiş İttifaqın ən nüfuzu ali təhsil müəssisələrinə göndərilən gənclərdən olduğunu və bundan böyük qürur hissi keçirdiyini bildirdi. Vurğuladı ki, bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlər qazanır.

Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Turac Məmmədova Ümummilli Lider Heydər Əliyevə xalqın sevgisindən, inamından bəhs etdi. Bildirdi ki, məhz bu inam müasir müstəqil, qalib Azərbaycanın uğurlarında özünün aydın ifadəsini tapır.

Çıxışlarda ümumi fikir bu oldu ki, 1969-cu ilin 14 iyul günü tarixə Azərbaycanın özünəqayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi yazılıb. Bu tarix, eyni zamanda, həm də milliliyin, azərbaycançılığın, milli dövlətçiliyimizin əbədi mövcudluğu günü kimi qəbul edilir. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti