...

Deputat şagirdlərin dərs yükü və çantasının ağırlığından narazıdır

Cəmiyyət Materials 15 İyul 2023 12:51 (UTC +04:00)
Deputat şagirdlərin dərs yükü və çantasının ağırlığından narazıdır

Bakı. Trend:

Bir millət vəkili kimi seçicilərdən aşağı siniflərdə oxuyan şagirdlərin dərs proqramlarının və çantalarının ağır olması ilə bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır.

Bunu deputat Rauf Əliyev deyib. Onun sözlərinə görə, uşaqlar məktəb çantalarına həddən artıq kitab yığır ki, bu da ağır olduğundan daşımaq olmur:

“Bu problemlə bağlı dəfələrlə, hətta parlamentdə məsələ qaldırılsa da, Elm və Təhsil Nazirliyi tərəfindən tədbir görülməyib. Birinci və aşağı sinifdə oxuyan uşaqların çantası onlardan böyük və ağır olduğundan güclə daşıyırlar. Hətta çantaların çəkisi və ölçüsü 5-9 yaşlı şagirdlərin boyundan, çəkisindən ağırdır.

Bununla skolioz olurlar. Düzdür, bununla bağlı Təhsil Naziriliyi və yaxud digər qurumlar tərəfindən monitorinq aparılıb, ya yox bilmirəm. Amma bu ciddi problemdir və valideynləri narahat edir”.

Yaranmış vəziyyətdən çıxış yolu kimi deputat hesab edir ki, vaxtı ilə həm evdə, həm də məktəblərdə dərsliklər olurdu:

“Şagird daha evdən məktəbə kitab aparmırdı, sinifdəki dərslikdən istifadə edirdi. Bu praktikanı tətbiq etməklə yaranmış problemi həll etmək olar. İkincisi, dərs proqramını yüngülləşdirmək və azaltmaq yolu ilə ola bilər. Çünki ibtidai sinif şagirdlərini bu qədər ağır dərs proqramı ilə yükləmək olmaz.

Əslində, ibtidai siniflərdə daha yüngül dərs proqramları ilə daha effektiv tədrisə nail olmaq olar. Uşaqlara bilik öyrətmək olar, nəinki indiki həddən artıq yüklənmə ilə... İndiki dərs proqramı həddən artıq çətin və mürəkkəb olduğundan uşaqlar proqramı tam dərk edə bilmir. Nəticədə valideynlər məcbur olub aşağı sinif şagirdlərinə repetitor tutmalı olurlar. Buna da heç də hamının imkanı çatmır. Təklif edirəm ki, yeni dərs ili başlamamışdan Təhsil Nazirliyi bu istiqamətdə ciddi addımlar atıb, məsələni həll etsə, yaxşı olar. Bununla həm valideynlər, həm də aşağı sinif şagirdləri üzləşdiyi problemdən xilas ola bilər.

Çünki uşaqların çantalara gücü çatmadığından onlar mütləq böyüklərin yardımına ehtiyac duyur. Bir çox hallarda isə valideynlər də bəzi səbəblərdən uşaqları məktəbə yola sala bilmir. Bu zaman uşaqlar çantanı daşıya bilmədiyindən çox çətinlik çəkirlər. Odur ki, bu problem mütləq həllini tapmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti