Bakı. Trend:
Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür. 30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb.
Trend xəbər verir ki, Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.
Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı”
işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası,
günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma
standartları tətbiq edilib. Həmçinin kəndin dayanıqlı enerji ilə
təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su
Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı
stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin
etmək gücünə malikdir.
Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların
rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar Inkişaf Mərkəzinin
xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə
obyektlər və s. mövcuddur.
Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.