Bakı. Trend:
Mən Azərbaycana 25 ildən çoxdur səfər edirəm. Xocalı soyqırımı haqqında da kifayət qədər məlumatım var. Bu, təkcə Azərbaycan tarixinin bir hissəsi deyil, həmçinin, Xocalı qurbanlarının şəxsi hekayəsinin bir hissəsidir. Bu faciəyə etinasız yanaşmaq mümkün deyil. Faciədə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq onların ailə üzvlərinin və yaxınların haqqıdır.
Trend xəbər verir ki, bu sözləri "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini Devid Merkel deyib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm, həmçinin, biz cari ilin mayın sonunda Qarabağda, Şuşa şəhərində görüşmüşük. Onun İkinci Qarabağ müharibəsi haqqında və indiki vəziyyətlə bağlı fikirlərini eşitmək çox əhəmiyyətli idi. Münaqişənin sülh yolu ilə həll olunmaması keçmiş Minsk qrupunun və beynəlxalq ictimaiyyətin uğursuzluğudur", - deyə D.Merkel qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.