Bakı. Trend:
Əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq, minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva deyib.
O qeyd edib ki, hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsinə ehtiyac var.
Ombudsman həmçinin aşağıdakı təklifləri irəli sürüb:
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin
məbləğinin artırılmasına,
- milli genofondun və ailə sağlamlığının əsası kimi körpələrin və
erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkili
məqsədilə “ana südü mətbəxləri”nin təşkil edilməsinə,
- dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət
sifarişli yerlərin sayının artırılmasına,
- Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra
yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı
yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə
tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş
ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam
etdirilməsi məqsədlə zəruri maliyyə vəsaitinin ayrılmasına
- sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə
müyəssər olması üçün uyğunlaşdırılması məqsədilə maliyyə vəsaitinin
ayrılması, eyni zamanda belə şəxslər üçün tələbata uyğun sayda
müyəssər ictimai nəqliyyat vasitələrinin alınmasına dəstək
verilməsinə,
- hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin
ölkə üzrə minimum istehlak səbətinin tərkibindəki ərzaq
məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına,
- hərbi qulluqçulara real vəziyyət, habelə mənzil kirayəsində
qiymət artımı nəzərə alınaraq, müvəqqəti mənzilin kirayəsi üçün pul
kompensasiyası məbləğinin artırılmasına,
- məhkəmə qətnamələrinə əsasən dövlət qurumları tərəfindən
vətəndaşlara ödənilməli olan borcun ödənişinin təmin edilməsi
məqsədilə dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə
tutulması