Bakı. Trend:
Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada bilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalara səbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq kimi simptomlara səbəb ola bilər. Bunu Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova deyib.
Trend Nüşabə Qasımova ilə müsahibəni təqdim edir:
- Nüşabə xanım, bildiyiniz kimi, havanın dəyişməsi, mövsumi xarakter daşıyan günəş işığının azalması, nəmlik indikatorlarının artması insanlarda hansı təsirlərə səbəb ola bilər?
- Payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir.
Adətən, yuxusuzluq, baş ağrıları, həzm problemləri və s. kimi
hallara daha çox rast gəlinir. Bütün bu simptomlar arasında
bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da
orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul
etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox
təsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur.
Payızın gəlişi özü ilə daha qısa günlər, temperaturun aşağı düşməsi
və yağış gətirir. Bədənimizin vəziyyətinə bəlkə də ən çox təsir
edən amil işıq saatlarının getdikcə azalmasıdır. Bu dəyişiklik
əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya
vəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanların
payız və qış aylarında günəş işığına daha az məruz qalması
səbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir.
Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotor
yavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir
sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm
dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından
biridir.
Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq bu
aylarda müşahidə edilən haldır. Təbii ki, bu göstəricilən tibbi
açıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olan
vitaminlər və mikroelementlərin çatızmazlığı ilə
əlaqələndirilir.
- Payız aylarında hansı vitaminlərin qəbulu məqsədəuyğundur? Ayrı-ayrılıqda bu vitaminlərin qəbulunun üstün cəhətləri və orqanizmdəki funksiyası nədən ibarətdir?
- Ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı
immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də
dəstəkləyən vitamin D qəbulu məsləhət görülür.
Bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm
rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən
qorumaq gücünə malikdir.
B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək
gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını
yaxşılaşdırır.
- Payız aylarında mikroelementlərin qəbulu orqanizmə necə təsir göstərir?
- Əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin
yaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink,
digəri isə maqneziumdur.
Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində
immun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Belə
halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq
dərəcədə azalır.
Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış
edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların
(neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından
iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda
yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir.
- Bəs allergiya halları bu mövsümdə özünü necə təzahür edir?
- Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada
bilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalara
səbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq
kimi simptomlara səbəb ola bilər.
Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçün
hava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havada
normadan artıq polen olduğu halda açıq havada fəalliyətlərdən
yayınmaq lazımdır. Eyni zamanda, otaqda hava saflaşdırıcılardan
istifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul və
təmizliyə riayət etmək vacibdir.
- Qidalanma payız aylarında niyə vacibdir? İnsanların qida rasionu bu aylarda hansı xüsusiyyətlərə malik olmalıdır?
- Payız fəsli xüsusilə vitamin C və digər faydalı elementlərin
bol olduğu meyvələrin mövsümü sayılır. Bu mövsümdə qida rasionunda
insanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma,
şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsi tövsiyə
edilir. Adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin,
karbohidratlar və faydalı yağlar mövcuddur.
Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə
üstünlük vermək bizi mövsumi qriplərdən qoruyur, ən əsası isə
immunitet sistemimizi gücləndirir.
- Havaların soyuması insanların fiziki aktivliyinə necə təsir göstərir?
- Havaların kəskin soyuması və temperatur dəyişiklikləri insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdə gəzintilər, velosiped sürmək əhval-ruhiyyəni gücləndirir. Eyni zamanda, mövsumi idman növlərindən (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) şansını dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir.