Bakı. Trend:
"Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" əsasında ümumilikdə 622 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işləri öyrənilib. Müəyyən edilib ki, məișət zəminində cinayət törətmiş şəxslərin çoxu kişilər, bu cinayətlərdən zərərçəkmiş şəxslərin əksəriyyəti isə qadınlardır.
Trend xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 126, 127, 128-ci maddələri ilə təqsirləndirilən şəxslərin 585 nəfərini, yəni 94 faizini kişilər, 6 faizini qadınlar təşkil edir.
"Bu maddələrlə törədilmiş cinayətlər üzrə 621 nəfər zərərçəkmiş şəxslərdən isə 543 nəfərini, yəni 87,4 faizini qadınlar, 13,6 faizini isə kişilər təşkil edir.
Zərərçəkmiş 543 nəfər qadından 471 nəfəri, yəni 86,7 faizi ərin və yaxud keçmiş ərin və ya faktiki ərin zorakılığına məruz qalmış arvad, keçmiş arvad və ya rəsmi nikaha girmədən faktiki nikah münasibətlərində olan qadınlardır. Zərərçəkmiş qadınlardan 14 işdə ana oğul övladının, 2 işdə nənə nəvənin, 21 işdə bacı qardaşın və bacının, 17 işdə gəlin qayınanın və qayınatanın, 13 işdə isə qayınana gəlinin və ya kürəkənin zorakılığına məruz qalıb", - deyə o bildirib.
Hakim qeyd edib ki, qeyd olunan rəqəmlər, xüsusilə cinayətlərin ailə daxilində qadınlara qarșı törədilməsi ənənəvi dəyərlərimizin müəyyən qədər așındığına işarə etməklə, narahatlıq doğurmaya bilməz.
"Bu kimi hallar tələb edir ki, ailənin möhkəmliyinə, ailədaxili münasibətlərə, gender bəraberliyinə təsir göstərən amillərin və zəruri tədbirlərin müəyyən edilməsi üçün lazımi tədqiqatlar, arașdırmalar aparılsın, məişət zorakılığının qarşısının alınmasına aidyyəti olan orqanların fəaliyyəti koordinayasiyalı şəkildə həyata keçirilsin, müvafiq istiqamətlər üzrə onların səyləri birləşdirilsin", - deyə o əlavə edib.
Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.