Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb.
İdarədən Trend-ə verilən məlumata görə, ilk olaraq paxtaxtdakı 317, 188 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində keçirilən iclaslarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, MÜTDA-nın direktor müavini Orxan Abbasov, BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə, Anar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, MÜTDA-nın baş məsləhətçisi Heyran Səfərova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin psixoloq-metodisti Aysel Novruzova, müəllimlər, valideynlər, məktəb-icma birliyinin nümayəndələri iştirak ediblər.
İclaslarda ümumi təhsil müəssisələrində uşaqların
təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin
gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl
olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, ümumi
təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin
artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb
psixoloqlarının altı aylıq hesabatı dinlənilib.
Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində
təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin
formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk
qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun
onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn
əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə
ictimai dəstəyin əhəmiyyətindən danışılıb.
İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul
edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur.