Bakı. Trend:
Avqustun 25-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirəcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib.
İmtahan, DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar binasında saat 10:00 və 13:00-da iki növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları ya imtahanı başa vurduqdan dərhal sonra, ya da imtahan vaxtı bitdikdən sonra nəticələri öyrənə biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytında yerləşdiriləcək.
İmtahana gələn namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Bu sənədlərdən hər hansı biri olmadığı və ya sənədlər arasında uyğunsuzluq olduğu təqdirdə, namizəd imtahana buraxılmayacaq.
Test imtahanında sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 tapşırıq təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. On və daha çox bal toplayan şəxslər imtahanı uğurla keçmiş sayılacaq və onlara 7 il müddətində etibarlı şəhadətnamə veriləcək.