Bakı. Trend:
2024-cü ilin əvvəlində Amuldağ yatağında qızıl hasilatı ilə bağlı Ermənistan hökümətinin planlarına qarşı etiraz edən erməni QHT-lərinə "Environmental protection first" koalisiyası tərəfindən dəstək ifadə olundu.
Trend xəbər verir ki, bu barədə koalisiyanın həmtəsisçisi Amin Məmmədov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu fəaliyyətin ardınca 2024-cü ilin may ayında koalisiyanın üzvü olan Azərbaycan Kartoqraflar Cəmiyyətinin hazırladığı erməni, ingilis və azərbaycan dilində Ermənistanın dağ-mədən sənayesi xəritəsi ictimaiyyətə təqdim edildi.
Bütün bu fəaliyyətlər və etirazlara baxmayaraq Ermənistan höküməti hələ də xarici investor şirkətlərin Ermənistan ərazisində bu fəaliyyətlərə yatırım etməsinə imkan yaradır və burada heç bir ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarını nə ermənistan ictimaiyyətinə, nə də qonşu ölkələrə təqdim etməsini tələb etmir.
Bununla da Ermənistan istər ictimaiyyətin məlumata əlçatanlığını təmin etməsini tələb edən qoşulduğu Orxus konvensiyasını, həmçinin transsərhəd bölgələrdə ƏMTQ-ni tələb edən Espo konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir. Bununla əlaqədar Azərbaycanın istər müvafiq dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə etirazlar ifadə edilib.
Azərbaycanın müstəqil ekspertləri Ermənistanda həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrə monitorinq keçirilməsi və bu monitorinqə Azərbaycan mütəxəssislərinin cəlb edilməsini tələb edib.
Bu tələbin yerinə yetirilməsi ilə bağlı Ermənistan tərəfindən heç bir açıqlama və ya mövqe bildirilməmişdir. Koalisiya üzvləri olaraq biz bu məsələyə qəti şəkildə bir daha etirazımızı bildirir və beynəlxalq ictimaiyyətin də diqqətini bu məsələyə yönəltməklə Ermənistanın bu sahədə ciddi addım atmasını tələb edirik”,- deyə əlavə edib.