...

Bakı metrosunda COP29 könüllüləri fəaliyyətə başlayıb

Cəmiyyət Materials 6 Noyabr 2024 15:15 (UTC +04:00)
Bakı metrosunda COP29 könüllüləri fəaliyyətə başlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

"Bakı metropoliteni"ndə COP29 könüllüləri fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə "Bakı metropoliteni"ndə könüllülər fəaliyyətə başlayıb.

“Bununla əlaqədar COP29 Əməliyyat Şirkətinin layihəsi əsasında seçilmiş 100 könüllü metropolitenin 10 stansiyasında xidmət göstərirlər.

Bununla əlaqədar bütün təşkilati məsələlər, o cümlədən, könüllülərin təlim keçməsi və təlimatlandırılması prosesi təmin edilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd sərnişin məmnunluğunu, habelə COP29 iştirakçılarının metro nəqliyyatından rahat və təhlükəsiz istifadə etməsini təmin etməkdir.

Könüllülər noyabr ayının 22-dək 10 metropoliten stansiyasında növbəli rejimdə fəaliyyət göstərəcəklər. Onlar “Koroğlu” ilə yanaşı, Qırmızı xəttin “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov”, Yaşıl xəttin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında çalışacaqlar.

Könüllülər əcnəbi, eləcə də, metrodan az istifadə edən sərnişinlərə COP29 məkanlarına gediş-gəliş və digər faydalı və zəruri məlumatları təqdim edəcəklər. Onların əsas fəaliyyətinə metrodan istifadə, o cümlədən, sərnişinlərin vəzifələri, hüquqları və qadağalar, gediş haqqının əldə edilməsi və ödənilməsi, habelə digər qaydalar barədə zəruri məlumatların verilməsi daxildir.

Bundan savayı, müraciət edənlərin paytaxtın zəngin mədəni irsi, xüsusən də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətləndirmə vasitələri könüllü proqramının tərkib hissəsidir.

Könüllülərin daha səmərəli fəaliyyətini təmin etmək, həmçinin stansiyalara daxil olan sərnişinlərin onları daha rahat müəyyən edərək yaxınlaşması məqsədilə qeyd edilən stansiyalarda məlumat köşkləri yerləşdirilib.

Bütün dövr ərzində könüllülər metropoliten əməkdaşları ilə vahid komanda kimi çalışaraq, zəngin təcrübə toplayacaq və həmçinin onların metropolitenlə daha yaxından tanış olmasına, gələcək karyera yüksəlişində bu məlumatlardan istifadə etməsinə də şərait yaradılacaq”, - sədr müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti