Bakı. Trend:
2024-cü ildə bəzi müəssisələrdə saxlanılan şəxslərin videogörüş keçirmək hüququ ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq edildiyi müəyyən olunub ki, bunun da səbəbləri kimi bəzi hallarda videogörüşlərin sosial şəbəkələrdə yerləşdirilməsi, digər hallarda isə texniki imkanların məhdud olması göstərilib.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Ombudsman “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda müvafiq dəyişiklik edilməklə tutulmuş və həbs edilmiş şəxslərin də yaxınları ilə videogörüş keçirmək hüququnun təsbit edilməsini təklif edib.